Türkiyədə Malazgirt Zəfərinin 951-ci ildönümü təntənəli şəkildə qeyd edilir. Bununla bağlı Muş vilayətinin Malazgirt və Bitlis vilayətinin Ahlat rayonlarında tədbirlər təşkil olunub.
Ahlatın Çarho bölgəsindəki milli parkda “1071 Sultan Alp Arslan otağı” və müxtəlif ölkələrin də təmsil olunduğu 51 çadır qurulub. Azərbaycan üçün çadır milli parkın ən cəlbedici məkanında ayrılıb.
Azərbaycan Qars şəhərindəki Baş Konsulluğu tərəfindən çadırda sərgilər təşkil edilib. Çadırda Qarabağ Zəfərini, eləcə də Şuşa şəhərinin füsunkar görünüşünü əks etdirən fotolar, milli mətbəximizdən nümunələr, yerli məhsullarımız, mədəniyyətimizi və tariximizi özündə ehtiva edən əsərlər sərgilənir, milli musiqi nümunələrimiz səsləndirilir.
Bitlis valisi Oktay Çağatay, Ahlatın bələdiyyə başqanı Abdülalim Mümtaz Çoban, Türkiyə Oxçular Vəqfinin sədri Əli Heydər Yıldız və digər şəxslər Azərbaycan çadırını ziyarət ediblər.
Xatırladaq ki, Bitlis vilayətinin Ahlat rayonu ərazisində təşkil olunan mərasim müxtəlif bölmələrdən ibarətdir. Ayrı-ayrı ölkələrlə yanaşı, Türkiyənin əksər bölgələri burada təmsil olunur. Türkiyənin tarixi, müasir həyatı, inkişafı bu məkanda geniş təbliğ olunur.
Azərbaycanın Xalq artisti Azərin də Malazgirt Zəfərinin 951-ci ildönümü münasibətilə Ahlatda təşkil edilən konsert proqramında çıxış edib. Konsertə sakinlər və qonaqlar böyük maraq göstəriblər. “Mehtəran” birlikləri “Mehtər marşı” ifaları ilə mərasimdə böyük coşqu yaradıblar.
1071-ci il avqustun 26-da baş verən Malazgirt döyüşündə Səlcuq hökmdarı Alp Arslanın qoşunları Bizans imperatoru Romen Diogen ordusu üzərində tarixi qələbə qazanıb. Bu zəfər Anadolunun qapılarını əbədi olaraq türklərə açıb. Səlcuq dövləti ilə Bizans arasında müqavilə imzalanıb və Şərqi Anadolu torpaqları türklərin nəzarətinə keçib.