Nazir Anar Kərimov Qazaxda müəssisələrin fəaliyyəti ilə tanış olub

 

Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı görülən kompleks tədbirlərin mühüm bir istiqaməti də regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılmasıdır. Mədəniyyət naziri Anar Kərimov bu məqsədlə bölgələrə müntəzəm səfər edərək yerlərdə müəssisələrin fəaliyyəti ilə tanış olur, mədəniyyət işçiləri ilə görüşlər keçirir, müvafiq tapşırıqlar verir.

Nazir Anar Kərimov avqustun 30-da Qazax rayonuna səfər edib.

Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə Qazax şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Nazir və icra başçısı rayondakı bir sıra mədəniyyət müəssisələrinə, tarixi abidələrə baxış keçiriblər.

Qazaxdakı Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı 2008-ci ildən fəaliyyət göstərən müəssisənin fəaliyyəti barədə məlumat verilib. Nazir mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və eksponatlara baxıb.

Sonra Qazax Dövlət Rəsm Qalereyasına baxış keçirilib. Bildirilib ki, 1986-cı ildən fəaliyyət göstərən qalereyanın ümumi fondunda 574 eksponat var. Onlardan 70-i sərgi salonunda nümayiş olunur.

Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinə gələn Anar Kərimova məlumat verilib ki, təhsil ocağı 2020-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir olunub. Məktəbdə fortepiano, skripka, tar, kamança, qarmon, saz sinifləri fəaliyyət göstərir, 221 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur.

Mədəniyyət naziri şəhərdəki “Azərbaycan” kinoteatrının binasının vəziyyəti ilə də tanış olub. Qeyd olunub ki, 1965-ci ildə tikilən binada 600 nəfərlik böyük və 50 nəfərlik kiçik zal var.

Anar Kərimov Qazaxda Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyinə də baş çəkib. 1970-ci ildə açılan muzeydə 1235 eksponat qorunur. Muzeydə görkəmli şairlər M.P.Vaqif və M.V.Vidadinin dövrünə (XVIII əsr) aid məişət və bəzək əşyaları, paltarlar, silahlar və s. nümayiş olunur.

Sonra nazir Qazax Tarix-Diyarşünaslıq Muzeyinə gəlib. Bildirilib ki, 1984-cü ildə yaradılan muzeyin 2016-cı ildə yeni binası istifadəyə verilib. Muzeyin yenidən qurulmuş ekspozisiyası iki mərtəbədə yerləşdirilib. Muzeydə 2910 eksponat (o cümlədən 102-si daimi ekspozisiyada) qorunub saxlanılır.

Qazax şəhərində Ədəbiyyat Muzeyi də fəaliyyət göstərir. Muzeyin üçmərtəbəli binası 2013-cü ildə istifadəyə verilib. Muzeyin yerləşdiyi parkda Qazaxdan olan görkəmli şəxsiyyətlərin büstləri ucaldılıb. Nazir muzeylə tanış olub.

Anar Kərimov Qazax şəhərinin mərkəzində yerləşən yerli əhəmiyyətli memarlıq abidələrinə – Cümə məscidi (XX əsr) və məscidin qarşısında yerləşən İsrafil ağa hamamına (XX əsr) da baxış keçirib, binada aparılan təmir-bərpa işləri ilə tanış olub.

Məlumat verilib ki, məscid və hamam rayonun Qıraq Kəsəmən kənd sakini, xeyriyyəçi sahibkar İsrafil ağa Kərbəlayev (1866-1917) tərəfindən inşa etdirilib. Hamamın binası memar Müzəffər Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən hörülüb. Plan quruluşuna görə Şərq və Avropa memarlığının elementlərini özündə cəmləşdirən tikiliyə Azərbaycanın digər bölgələrində rast gəlinmir. O da bildirilib ki, İsrafil ağa hamamı Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verilib.

Mədəniyyət naziri daha bir yerli əhəmiyyətli memarlıq abidəsinə – Qazax Müəllimlər Seminariyasının (XX əsr) binasına da baş çəkib, burada aparılan təmir-bərpa işləri ilə maraqlanıb. Qeyd edək ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib.

Anar Kərimov Qazaxın qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanını da ziyarət edib, Vətən uğrunda canından keçən igid oğulların xatirəsinə dərin ehtiramını bildirib.

Mədəniyyət nazirinin respublikanın qərb bölgəsinə səfəri davam edir.

Anar Kərimov avqustun 31-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşların qəbulunu da keçirəcək. Nazir Ağstafa rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə də tanış olacaq.