Xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, “Bir millət – iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur. Dövlətlərarası münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 Avqust – Zəfər Bayramının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi təbrik məktubunda vurğulanır.

Zəfər Bayramının 100-cü ildönümü münasibətilə qardaş Türkiyə rəhbərliyinə və xalqına ən xoş arzularını ifadə edən dövlət başçısının məktubunda qeyd olunur ki, yüz il əvvəl Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında qazanılmış şanlı qələbə türk xalqının qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir.

“Türkiyənin müstəqillik və istiqlaliyyət mübarizəsi salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu böyük zəfər xalqınızın sarsılmaz iradəsinin, yenilməzliyinin, birliyinin və şücaətinin bariz nümunəsidir. Vətənlərinin azadlığı və müstəqilliyi yolunda mərdlik və rəşadət göstərmiş, canlarını vermiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Möhtəşəm zəfərdən ötən bir əsr sonra bu gün qardaş Türkiyə Sizin rəhbərliyiniz ilə hərtərəfli inkişaf edən, güclü və qüdrətli bir ölkəyə çevrilmişdir. Dünyada və regionda baş verən mürəkkəb proseslərdə qətiyyətli və prinsipial mövqeyi, sülhün, haqq-ədalətin bərqərar olması üçün ardıcıl səyləri ilə Türkiyə beynəlxalq aləmdə nüfuz qazanmışdır. Ölkənizin bütün sahələrdə əldə etdiyi uğurları bizi olduqca fərəhləndirir”, – deyə məktubda vurğulanır.

Azərbaycan Prezidenti məktubda əmin olduğunu bildirib ki, tarixən bir-birinə dəstək və dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.