Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Avropa İttifaqının təşkilatçılığı ilə növbəti görüş avqustun 31-də Brüsseldə keçiriləcək.

Görüş ərəfəsində, avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.

Qeyd edək ki, avqustun 27-də xarici diplomatik korpus nümayəndələrinin iştirakı ilə Şuşada keçirilən konfransda çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi növbəti Brüssel görüşündə Ermənistanla sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkilinin razılaşdırılacağına ümid edir. Prezidentin köməkçisi daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın (Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində) yaradılması haqqında razılıq əldə olunduğunu xatırladıb.

Qeyd edək ki, Avropa İttifaqının təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ilk görüş 2021-ci ilin dekabrında keçirilib. Avqustun 31-də “Brüssel formatı”nda sayca dördüncü görüş olacaq.