Avqustun 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, iclasdan öncə Rusiya Federasiyası Hökuməti sədrinin müavini A.Overçuk həmkarları Ş.Mustafayev və M.Qriqoryan ilə görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb.

Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar. Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib. Üçüncü görüşün razılaşdırılmış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.