Avqustun 31-də mədəniyyət naziri Anar Kərimov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinə baş çəkiblər.

Əvvəlcə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Ağstafa rayon Soyuqbulaq qəsəbəsindən Keşikçidağ mağaralar kompleksinə gedən yolun başlanğıcında yeni inşa edilmiş məlumat lövhəsinə baxış keçirilib, kurqanlar vadisinin ərazisində yerləşən “Ceyrançuxur dərəsi” 1 saylı kurqanda “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay məktəbi – 2” adlı layihə çərçivəsində aparılan qazıntı işləri ilə yaxından tanışlıq olub.

Qazıntılara rəhbərlik edən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqu, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov və Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Yunis Nəsibov tərəfindən arxeoloji qazıntılar və buradan aşkarlanmış maddi mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib. Arxeoloji qazıntılarda iştirak edən gənc könüllülərin tariximizə göstərdikləri marağın məmnunluq doğurduğunu vurğulayan nazir Anar Kərimov onlara fəaliyyətində uğurlar arzulayıb.

Sonra qoruğa məxsus informasiya mərkəzi və mərkəzin ətrafında Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək canlarından keçmiş, şanlı tarix yazan oğullarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış “Badam bağı” ilə tanışlıq olub.

Nazir Gürcüstanla sərhəddə yerləşən Keşikçiqala, Alban məbədi və mağara-məbədə də baş çəkib.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun strateji cəhətdən ən hündür yüksəkliklərindən biri olan, Ali Baş Komandanın şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə”nin önündə Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Hüseynovun ifasında saz havaları səsləndirilib, zirvə haqqında məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev 2005-ci il oktyabrın 12-də əraziyə səfər edib, zəngin tarixi-etnoqrafik maddi irsi özündə yaşadan bu abidələrlə tanış olub. Dövlət başçısının 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə sözügedən ərazi maddi mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Həmin vaxtdan qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərdən biri ölkə Prezidentinin şərəfinə adlandırılıb. Zirvədə dövlət başçısının adı və məlum sərəncamı ilə bağlı məlumat lövhəsi iri daşlardan düzəldilmiş postament üzərində yerləşdirilib.

Qoruq əməkdaşı tərəfindən Keşikçidağ mağaralar kompleksinin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı fraqmentləşmiş halda aşkar edilmiş saxsı nümunələrinin bərpa prosesi, həmçinin qoruğa məxsus çap məhsullarından, fotoalbom və əl işlərindən ibarət sərgi nümayiş olunub. Həmçinin “Keşikçidağ” qoruğunda görülən işlər, həyata keçirilən layihələr barədə videoçarxlar təqdim edilib.

Qoruğun fəaliyyəti ilə yaxından tanış olan Anar Kərimov qoruq haqqında təklifləri dinləyib, tövsiyələrini verib.