Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov avqustun 31-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan sonra nazir rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovla Ağstafada bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib.

Əvvəlcə Ağstafa Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanışlıq olub. Bildirilib ki, 2008-ci ildən fəaliyyət göstərən qalereyanın ümumi fonduna rəngkarlıq və qrafik üslubda işlənmiş 184 əsər daxildir.

Sonra nazir 1990-cı ildən fəaliyyət göstərən və 330 mindən çox kitab fondu olan Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanasında olub. Ağstafa Tarix-Diyarşünaslıq Muzeyinə baxış zamanı bildirilib ki, 1993-cü ildə fəaliyyətə başlayan muzeydə hazırda 1442 eksponat mühafizə edilir.
Səfər çərçivəsində Ağstafa rayon Mədəniyyət Mərkəzinə gələn nazirə məlumat verilib ki, 1990-cı ildən Mədəniyyət evi, 2015-ci ildən Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərən müəssisənin binası 2016-cı ildə əsaslı təmir olunub.
Anar Kərimov Ağstafa şəhər Hüseyn Arif adına Uşaq musiqi məktəbinin fəaliyyəti ilə də tanış olub. Qeyd olunub ki, 1975-ci ildə yaradılan məktəb fəaliyyətini Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli sərəncamı ilə müasir üslubda inşa edilən binada davam etdirir. Hazırda məktəbdə 40 sinif otağı mövcuddur, fortepiano, tar, kamança, saz, nağara, skripka, qarmon və xanəndəlik ixtisasları üzrə 235 şagird təhsil alır, 82 müəllim dərs deyir.

Anar Kərimov baxış keçirdiyi müəssisələrdə mövcud problemlərin aradan qaldırılması, fəaliyyətin günün tələbləri səviyyəsində qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.