Avropa Parlamentində ilk dəfə “Türkiyə Mədəniyyət Günləri – Bursa 2022” adlı tədbir keçiriləcək. Tədbir çərçivəsində sentyabrın 5-də Brüsseldə “Türk dünyasının mədəniyyət paytaxtlarından təəssüratlar” adlı sərginin açılışı olacaq.

Tədbirdə Türkiyədə yaşayan soydaşımız, Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə konsert proqramı ilə çıxış edəcək. Musiqiçi mərasimdə klassik və milli musiqi parçalarından ibarət solo proqramla çıxış edərək avropalı iştirakçılara mədəniyyətlərarası dialoqda musiqi və incəsənətin əhəmiyyətini çatdıracağını bildirib.

“Musiqinin və sənətin milliyyəti yoxdur. Bütün dünyada sülh mesajlarının verilməsinə daha çox ehtiyac duyduğumuz bir zamandan keçirik. Sənətin və musiqinin birləşdirici, eləcə də bərpaedici gücünə inanaraq bu konserti vermək üçün belə bir tədbirə dəvət edildiyimə görə çox qürurluyam. Bu konsertdə ifa edəcəyim əsərlər arasında dünya klassikləri ilə yanaşı qardaşım, pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə tərəfindən müharibələrə etiraz, sülhü təbliğ etmək üçün bəstələnən “Xocalıya” əsəri, eləcə də “Sarı gəlin”, “Çanaqqala türküsü” və öz bəstəm olan “Azərbaycanım” da yer alacaq”, – deyə musiqiçi əlavə edib.

Xatırladaq ki, Bursa şəhəri TÜRKSOY tərəfindən 2022-ci il üzrə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilib. Bu münasibətlə Türkiyədə və başqa ölkələrdə müxtəlif tədbir və təqdimatlar təşkil olunur.