Sentyabrın 1-də tanınmış neft maqnatı, milli mesenat, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatından 98 ili tamam oldu.

Bu münasibətlə həmin gün Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Mərdəkan qəsəbəsində Tağıyevin məzarı önündə anım mərasimi keçirildi. Tədbir iştirakçıları H.Z.Tağıyevin, qızı Sara xanımın və tanınmış ilahiyyatçı Axund Əbu Turabın məzarları üzərinə gül dəstələri düzdülər.

Anım mərasimində çıxış edən muzeyin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov bildirdi ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar və mesenat H.Z.Tağıyev, ad və fəaliyyətində vətənpərvərlik, nəciblik, comərdlik, xalqına və ailəsinə sadiqlik kimi insana xas ən ali keyfiyyətlərin təcəlli tapdığı şəxsiyyətlər sırasındadır. O, ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə ümumxalq sevgisini qazanıb və əbədi olaraq xalqın yaddaşında yaşayacaq. Hər il 1 sentyabr tarixində Tağıyevin məzarının ziyarət edildiyini vurğulayan icraçı direktor Azərbaycan iqtisadiyyatının, mədəniyyətinin, təhsilinin inkişafında xidmətləri, onun təşəbbüskarı olduğu ictimai və iqtisadi layihələrin əhəmiyyəti haqqında söz açdı.

Daha sonra Fərhad Cabbarov bu ilin yanvar ayında Prezident İlham Əliyevin sərəncamına əsasən Bakı şəhərində Tağıyevin heykəlinin açılışının keçirildiyini bildirdi və göstərilən diqqətə görə dövlət başçısına minnətdarlığını ifadə etdi.

Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı mədəniyyət ocağının yaranma tarixindən danışdı. Diqqətə çatdırdı ki, ilk dövlət muzeyi olan bu məkan Tağıyevin sarayında fəaliyyətə başlayıb, ilk ziyarətçilərini 1921-ci ilin mayında qəbul edib. N.Vəlixanlı Tağıyevin iqtisadi layihələri ilə yanaşı, ölkəmizdə maarif və mədəniyyətin inkişafı istiqamətində gördüyü işlərə nəzər saldı: “Biz muzey əməkdaşları olaraq onun millətin savadlanması yolunda göstərdiyi xidmətləri minnətdarlıqla yada salır və qalxdığı pilləkənləri, otaqlarını gəzərkən çalışırıq ki, biz də gənc nəslin maariflənməsi yolunda xidmətlərimizi layiqincə göstərə bilək.

Anım mərasimində muzeyin şöbə müdiri, professor Hacı Həsən, kulturologiya üzrə elmlər doktoru professor Çingiz Abdullayev məşhur xeyriyyəçi haqqında fikirlərini bölüşdülər.

Sonda xeyriyyəçinin nəticəsi İnessa Kərimova anım mərasimində iştirak edən hər kəsə təşəkkür etdi, ulu babasının xeyirxah əməlləri ilə nəinki Azərbaycanda, hətta ölkəmizdən kənarda da tanındığını dedi.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə H.Z.Tağıyevin yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 2007-ci ildən etibarən böyük mesenatın xatirə muzeyi fəaliyyət göstərir. Hazırda Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizdə H.Z.Tağıyev irsini araşdıran və onu təbliğ edən əsas elmi və mədəni mərkəzdir. Burada xeyriyyəçiyə aid əşyalar, sənədlər, fotoşəkillər qorunur, onun həyat və fəaliyyəti araşdırılır, əsərlər çap olunur.

Xatırladaq ki, ənənəyə uyğun olaraq, hər il sentyabrın 1-də Milli Azərbaycan Tarixi Muzeyində “açıq qapı” günü keçirilir və ziyarətçilər üçün giriş ödənişsiz olur. Bu il də anım günündə Tağıyevin irsinə maraq göstərənlər çox idi.

Lalə Azəri