Mədəniyyət Nazirliyinin "Şuşa və Bakıda gənclərin incəsənət düşərgəsi” (Youth ArtCamp Shusha and Baku) layihəsi çərçivəsində bir qrup yerli və xarici gənc rəssamın işğaldan azad edilən Cəbrayıl rayonuna səfəri təşkil olunub.

Gənc rəssamlar səfərdə Ermənistan işğalı zamanı Cəbrayıl şəhərində törədikləri misli görünməmiş dağıntıları izləyib, “Dostluq” bulağında olub, gördüklərinin eskizini yaradıblar. Həmçinin rayonun Arakül kəndində 1876-cı ildə əkilmiş Xan çinarın qarşısında şəkil çəkdirib, xalq mahnılarını dinləyiblər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə ərsəyə gəlmiş layihə çərçivəsində rəssamlar ziyarət etdikləri bölgələri, tarixi məkanları və təbiətin gözəlliklərini kətan üzərinə köçürəcəklər. Sentyabrın 5-dək davam edəcək layihədə gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

Xatırladaq ki, layihə 2008-ci ildə Andorranın UNESCO üzrə Milli Komissiyasının təşəbbüsü ilə irəli sürülən və mədəni fərqləri aradan qaldırmaq, təcrübə və dəyərləri bölüşmək, beynəlxalq harmoniya, birgəyaşayış, qarşılıqlı hörmət və əməkdaşlığı təşviq etmək məqsədilə təsis edilən “Youth ArtCamp” beynəlxalq proqramı çərçivəsində reallaşdırılır.