Xəbər verdiyimiz kimi, ölkəmiz sentyabrın 1-dən 4-dək “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursada keçirilən III “Baramadan ipəyə” beynəlxalq festivalında təmsil olunur.

Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə festivalda “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendimiz qurulub.

Festivalın ikinci günü ziyarətçilər üçün Azərbaycan stendində kəlağayı üzərində basma naxış üzrə ustad dərsləri təşkil olunub, kəlağayının tarixi haqqında ətraflı məlumat verilib. İzləyicilərin böyük marağına səbəb olan dərslər “Azəripək” MMC-nin əməkdaşları tərəfindən aparılır.

Xatırladaq ki, ölkəmizin festivalda iştirakının əsas məqsədi Azərbaycanın qədim və zəngin ipəkçilik sənətini beynəlxalq arenada təbliğ etmək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verməkdir.