ABŞ-ın İndiana Universitetinin Ceykobs musiqi məktəbində musiqişünas soydaşımız, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aida Hüseynovanın xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, keçmiş həmkarlarının təşəbbüsü ilə sentyabrın 11-də təşkil ediləcək konsert universitetin “Ford-Krouford” zalında baş tutacaq.

Xatırladaq ki, soydaşımız bu il iyunun 21-də ömrünün 58-ci ilində vəfat edib.

1964-cü ildə Bakıda dünyaya gələn Aida Hüseynova Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) məzunu olub, Sankt-Peterburq Konservatoriyasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, ABŞ və Böyük Britaniyanın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və Kembric universitetlərində mühazirələr oxuyub.