Avqustun 31-də dünyanın ən məşhur kinoforumlarından olan 79-cu Venesiya Film Festivalı başlanıb.
11 gün ərzində “Palazzo del Casino” və “Lido di Venezia” salonlarında dünya kinosunun yeni əsərləri ictimaiyyətə nümayiş etdiriləcək. Ümumilikdə müsabiqədə dünyanın müxtəlif ölkələrindən 23 ekran əsəri nümayiş olunacaq.
“Çoxlu ulduzlar gözlənilir, qırmızı xalça hər gün dolacaq. Timoti Şalame, Penelopa Kruz, Vircini Efira, Harri Stayls artıq iştiraklarını təsdiqləyiblər”, – deyə festivalın direktoru Alberto Barbera vurğulayıb.
Festival müxtəlif qitələrdə çəkilmiş bir neçə filmin nümayişi ilə açılacaq. Onların arasında amerikalı rejissor Noa Baumbaxın “Ağ səs-küy” filmi də var. Ekran əsərinin süjeti Don Delillonun eyniadlı romanı əsasında qurulub. Əsas rollarda Adam Drayver və Qreta Qerviq çəkiliblər. Kann kinofestivalından fərqli olaraq, Venesiyada “Netflix” tərəfindən buraxılan filmlər də müsbət qarşılanır və bu, həmin filmlərə müsabiqədə iştirak etmək imkanı verir.
Festivalın əsas müsabiqəsində iştirak edən ekran əsərləri arasında ən çox gözlənilənlərdən biri də məşhur iranlı rejissor Cəfər Pənahinin “Ayılarsız” filmidir. Filmin baş qəhrəmanı C.Pənahinin özünün canlandırdığı rejissor obrazıdır. Məlum olduğu kimi, C.Pənahi uzun müddət təqiblərə məruz qalıb və bu, onun çəkdiyi ekran əsərində də əksini tapıb.
79-cu Venesiya Film Festivalı sentyabrın 10-da başa çatacaq.