Pərdələr sentyabrın 15-dən sonra açılacaq
Ölkəmizdə fəaliyyət göstərən 27 dövlət və 10-dan artıq müstəqil (bir qismi özəl statusla) teatr yeni mövsümə başlamağın həyəcanını yaşayır. Artıq onların bir neçəsi sentyabrın ilk günlərində ənənəvi toplantılarını keçirib, yeni mövsümün açılışı üçün plan-proqramlarını da müzakirə ediblər.
Kimisi repertuarlarındakı ən baxımlı, kimisi ən yeni, kimisi də ənənəvi tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək. Təbii ki, aralarında hələ qərar verməyən, tamaşaçısını intizarda saxlamaq istəyən, daha doğrusu, öz istirahət müddətlərini uzadan da var...
Beləliklə, keçək paytaxtda fəaliyyət göstərən əksər teatrların yeni mövsüm planlaşmasına. Öncə onu deyim ki, ilk iki həftəni hazırlıq-məşq, bərpa tamaşalar üzərində işə həsr edən yaradıcı heyətlər əsas etibarilə sentyabrın 15-dən sonra pərdələrini açacaqlar.
İlk olaraq milli və dünya opera və balet nümunələrini seyrçilərinə daha yaxın etməyə çalışan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından başlayaq. Özünün 114-cü mövsümünü ənənəsinə sadiq qalaraq sentyabrın 18-də – Milli Musiqi Günündə (Üzeyir musiqi günü) açacaq yaradıcı heyət həmin gün Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasını nümayiş etdirəcək.
Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi səhnə əsərində Məcnun rolunu Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə gənc solist, Əməkdar artist Arzu Əliyeva ifa edəcək. Digər rolları Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov və başqaları canlandıracaq. Tamaşanı dirijor Sevil Hacıyeva idarə edəcək.
Sənət ocağında sentyabrın 22-də isə Qara Qarayevin “Yeddi gözəl” baleti oynanılacaq. Dahi şair, mütəfəkkir Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında yazılmış bu səhnə əsəri Azərbaycan balet sənətinin incilərindən sayılır və hər nümayişində geniş tamaşaçı auditoriyası toplayır. Xatırladaq ki, 2008-ci ildə “Yeddi gözəl” baleti dahi bəstəkarın 90 illiyi münasibətilə tamamilə yeni quruluşda səhnələşdirilib. Tamaşanın quruluşunu beynəlmiləl yaradıcı heyət həyata keçirib. Libretto müəllifi Yana Temiz, quruluşçu baletmeysteri Vasili Medvedev, quruluşçu rəssamı Dmitri Çerbadjidir.
Tamaşada əsas partiyaları Əməkdar artist Nigar İbrahimova, həmçinin Anar Mikayılov, Timur Oduşev, Edvard Arazov, Samirə Səmədova, Elmira Süleymanova, Failya Bolqarova, Leyla Nərimanidze, Cəmilə Kərimova, Ayan Eyvazova və digərləri ifa edirlər. Tamaşaya Xalq artisti, professor Cavanşir Cəfərov dirijorluq edir.
***
Akademik Milli Dram Teatrı da yeni mövsümün ilk ayının repertuarını təqdim edib. Kollektiv sentyabrın 23-24 və 25-də ötən mövsümün sonuncu premyerası – 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərovdur.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış edəcəklər.
***
113-cü mövsümünü açacaq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da vətənpərvərlik mövzulu nümunə təqdim edəcək. Yaradıcı heyət sentyabrın 27-də qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan “Bir nəfəs qədər” tamaşasını yenidən nümayiş etdirəcək.
II Qarabağ müharibəsi və şanlı Qələbəmizin ehtiva olunduğu səhnə işi SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanıb. Nümunənin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artistlər Leyla Ağayeva və Zakir Ağayev, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri isə Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev, eləcə də orkestr və balet artistləri iştirak edirlər.
***
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına gəlincə, o, pərdələrini sentyabrın 30-da ingilis yazıçısı Ceyn Ostinin romanı əsasında səhnələşdirilən “Qürur və qərəz” tamaşası ilə açacaq. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı isə Nikita Sazonovdur.
Qeyd edək ki, bu günə qədər “İngilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteri ilə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər...
Əsər əsasında dünya kinematoqrafları onlarla film çəkiblər. Bu əsər həmçinin bir çox dünya teatrlarının repertuarına daxil edilib.
***
Əsas səhnəsi təmir-bərpadan sonra yenicə istifadəyə verilən, bu il 95-ci yubiley mövsümünü açan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı izləyicilərinə maraqlı səhnə əsərləri təqdim edəcək. Kollektiv sentyabrın 24-də P.Cullifordun “Şirinlər” və A.P.Çexovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Qağayı” tamaşasını nümayiş etdirəcək.
***
Şuşa Dövlət Musiqili Dram Teatrı nisbətən daha cəld tərpənib desək, yerinə düşər. Belə ki, teatr 149-cu mövsümünü sentyabrın 10-da açacaq. Kollektiv sənətsevərlər üçün repertuarındakı maraqlı səhnə işlərindən olan M.F.Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını təqdim edəcək.
Birhissəli məzhəkənin rejissoru teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovdur.
Qeyd edək ki, səhnə əsərində hadisələr Azərbaycanın Qarabağ bölgəsində cərəyan edir. Fransadan Qarabağa qonaq gələn Müsyö Jordan öz vətəninə qayıdanda gənc Şahbazı da özü ilə Fransaya aparmaq qərarına gəlir. Lakin bu arzunun qarşısını almaq istəyən Şahbaz bəyin nişanlısı və əmisi arvadı müxtəlif yollarla onu bu istəyindən daşındırmağa çalışırlar...
***
Dövlət Yuğ Teatrı isə mövsümünü premyera ilə açacaq. M.F.Axundzadənin “Mürafiə vəkilləri” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın ilk nümayişi sentyabrın sonuncu həftəsinə nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Səhnə işində Xalq artisti Vidadi Həsənov, aktyorlar Vüqar Hacıyev, Oqtay Mehdiyev, Amid Qasımov, Ziya Ağa və başqaları rol alırlar.
***
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 17-də balacaların görüşünə gələcək. Kollektiv məşhur nağılçı Hans Xristian Andersenin “Düyməcik” nağılını təqdim edəcək.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Musiqili nağıl-tamaşada rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Samirə Nəcəfova, Nərmin Əhmədova, Yasin Abbasov və Ramiz Qəmbərov ifa edəcəklər.
***
Sentyabrın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında da ilk nümayiş günü həyəcanı yaşanacaq. Belə ki, musiqi, rəqs və interaktiv uşaq oyunları ilə rəngarəng “Herkules” adlı müzikl-tamaşa nümayiş olunacaq. Müzikl-tamaşada balaca seyrçilər bir-birindən maraqlı musiqi parçaları və rəqs nömrələri ilə əyləncəli vaxt keçirəcəklər.
Onu da qeyd edək ki, paytaxt teatrları ilə yanaşı, bölgədəki əksər sənət ocaqları da mövsümün açılışı ilə bağlı planlarını müzakirə edib. Bəziləri stasionar, bəziləri isə səyyar tamaşa nümayişləri nəzərdə tutublar.
Həmidə