“Youth ArtCamp Shusha and Baku” layihəsinə yekun vuruldu

 

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən, “Youth ArtCamp Shusha and Baku” (“Şuşa və Bakı gənclər incəsənət düşərgəsi”) adlı beynəlxalq layihə həyata keçirildi.

Sentyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində avqustun 26-dan reallaşdırılan layihənin bağlanış mərasimi və yekun sərgisi təşkil olundu.

Sərgidə layihə çərçivəsində Ağdam, Füzuli, Cəbrayıl və Şuşa şəhərlərini ziyarət edən ölkəmizdən və xaricdən 16 rəssamın çəkdikləri rəsmlər yer almışdı.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov layihənin Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə ərsəyə gəldiyini bildirdi.

Layihənin əhəmiyyətini qeyd edən nazir dedi: “Biz yaradıcılıq düşərgəsini işğaldan azad edilən bütün bölgələrdə gerçəkləşdirmək istəyirik. Bu dəfə layihə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirildi. Ermənistan 30 ilə yaxın işğal altından saxladığı əzəli torpaqlarımızda tarixi-mədəni irsi dağıtsa da, biz Qarabağı yenidən quracağıq. Azərbaycan bölgədə davamlı sülhün yaradılması üçün bütün səylərini səfərbər edir. Şuşanın və Qarabağın digər bölgələrini ziyarət edən rəssamlar təbiətdən ilhamlanaraq öz təəssüratlarını kətan üzərinə köçürüblər. Əminəm ki, burada olarkən rəssamlar Azərbaycan xalqının sülhsevər və qonaqpərvər olduğunun şahidinə çevrildilər. Şadam ki, UNESCO tərəfindən yaradılan bu layihə gələcəkdə Şuşanın beynəlxalq aləmdə daha geniş tanıdılmasına dəstək olacaq”.

Daha sonra nazir rəssamlara uğurlar arzuladı.

UNESCO-nun mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser Şuşanın müharibədən əvvəlki və sonrakı vəziyyətini şəkillərdə görərkən çox təsirləndiyini dedi, rəssamların ərsəyə gətirdiyi işlərin əhəmiyyətli olduğunu vurğuladı. Qeyd olundu ki, 2012-ci ildən başlanan layihə incəsənət nümayəndələrini təkcə bir araya gətirmək üçün deyil, həmçinin dünya xalqları arasında mədəni körpünün qurulmasına xidmət edir.

Layihəni dəstəkləyən bütün qurumlara təşəkkürünü bildirən Hedva Ser gənc rəssamların maraqlı yanaşmalar ortaya qoyduqlarını dedi, onlara uğurlar arzuladı.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov belə bir layihənin təşkilinə görə minnətdarlığını bildirdi. Müxtəlif ölkələrdən gəlmiş gənc rəssamlara azad düşüncənin və sərbəst yanaşmalarının təqdirlə qarşılandığını dedi: “Gənc rəssamların görüşü, xüsusən də müxtəlif ölkələrdə baş tutan bu qəbildən layihələr böyük təcrübə və inkişafa zəmin yaradır. İnanıram ki, işğaldan azad olunan ərazilərimizdə olan gənc rəssamlar bu duyğunu gələcək əsərlərində də tablolarda əks etdirəcəklər”.

Əməkdar rəssam Əsmər Nərimanbəyova sərginin layihədə iştirak edən rəssamlar üçün çox əhəmiyyətli olduğunu deyərək bu rəsmləri Ağdam, Füzuli, Cəbrayıl və Şuşanın bir güzgüsü olduğunu qeyd etdi. Bildirdi ki, rəssamlar Qarabağı olduğu kimi əks etdiriblər.

Sonra nazir Anar Kərimov və Hedva Ser layihədə iştirak edən rəssamlara sertifikatlar təqdim etdilər.

Layihə çərçivəsində gənc rəssamların çəkdiyi rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

Sonda Nicat Aslanovun triosunun müşayiəti ilə xalq mahnılarımız və milli rəqslərimizdən ibarət caz konserti təqdim olundu.

Lalə