Xəbər verildiyi kimi, avqustun 31-də Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçlü formatda növbəti görüş keçirilib.

Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanat verib. Bəyanatda deyilir ki, bu formatda dördüncüsü keçirilən görüşdə Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətlər müzakirə olunub: “Fikir mübadilələrimiz açıq və məhsuldar keçdi. Buna görə hər iki liderə təşəkkür edirəm. Biz gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik. Bizim son görüşümüzdə əldə etdiyimiz razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır. Bu gün biz Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəldik və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verdik. Biz həmçinin humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, saxlanılan və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr apardıq. Avropa İttifaqı bu məsələlərlə məşğul olmaqda davam edəcək”.

İki ölkə arasında sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etməyi nəzərdən keçirdiklərini qeyd edən Ş.Mişel deyib ki, Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəlinib. Görüşdə həmçinin nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələr də nəzərdən keçirilib.

Avropa İttifaqı Şurasının Prezidenti bəyanatında hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamağın vacibliyini qeyd edib: “Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü, həqiqətən, eşidir və qiymətləndirir. Avropa İttifaqı uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır”.

Ş.Mişel bəyanatında həmçinin bu il noyabr ayının sonunda yenidən üçlü formatda görüşməklə bağlı razılığa gəlindiyini də vurğulayıb.