Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Brüsseldən Romaya işgüzar səfər edib.

Sentyabrın 1-də Romada Azərbaycanın İtaliyadakı Səfirliyinin yeni binasının açılışı olub. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

Əvvəlcə Prezident İlham Əliyev səfirliyin həyətində ağac əkib. Sonra dövlətimizin başçısı səfirliyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.

Daha sonra Azərbaycan Prezidenti yeni binada yaradılan şəraitlə tanış olub. Prezidentin köməkçisi Anar Ələkbərov və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat veriblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə Roma şəhərindəki səfirliyimiz və onun tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub, binanın əsaslı təmiri ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.

Bildirilib ki, ötən əsrin 40-cı illərində inşa edilmiş binanın 1-ci və 2-ci mərtəbələri Azərbaycan Mədəniyyət Mərkəzi, 3-5-ci mərtəbələri isə səfirlik üçün nəzərdə tutulub.

Dünyanın ən zəngin tarixi irsinin yerləşdiyi Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin təbliği istiqamətində atılan ən mühüm addımlardan biridir və dünyada multikulturalizmin beşiyi sayılan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi ölkələr arasında İtaliya xüsusi yerə malikdir. Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılmasına, Azərbaycan və İtaliya arasında mədəniyyət, elm, təhsil, humanitar sahələrdə daha səmərəli fəaliyyətin həyata keçirilməsinə geniş imkanlar açacaq.

Mədəniyyət Mərkəzinin daxili tərtibatında Azərbaycanın dövlət rəmzlərindən, milli sənətkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. Mərkəzin müxtəlif ekspozisiya zallarında Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Mərkəzdə müxtəlif tədbirlərin və görüşlərin keçirilməsi üçün hər cür imkan yaradılıb.

Azərbaycan xalçaları mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın müxtəlif məktəblərinin nümunələrinin təqdim edildiyi mərkəzdə qədim xalça və xalça məmulatlarının geniş çeşidi sərgilənir. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə italyan dilində məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri, ölkəmizdə qədimdən yaranıb formalaşan rəssamlıq sənəti – miniatür məktəbi barədə ətraflı məlumat verilir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir.

Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr olunmuş ölkəmizin mədəniyyəti, incəsənəti, sənətkarlığı, qayaüstü rəsmlər, miniatür sənəti, milli musiqimiz, zərgərlik məmulatları, xalçalarla bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, xarici siyasəti ilə bağlı son illər İtaliyada nəşr edilmiş kitablar da təqdim olunur.

Prezident İlham Əliyev mərkəzin açılışı münasibətilə təşkil edilən “Mənim Azərbaycanım” adlı rəsm sərgisi ilə də tanış olub. Sərgidə realizmdən tutmuş modernizm və postmodernizmədək Azərbaycanın təsviri sənətinin nadir nümunələri nümayiş etdirilir.

Binanın səfirlik üçün nəzərdə tutulan iş otaqlarında fəaliyyət üçün hər cür şərait yaradılıb. Görüş otaqlarında Azərbaycan-İtaliya münasibətlərinin ən vacib məqamları, Azərbaycan Respublikası Prezidentinin azad olunmuş ərazilərə səfərləri, İtaliyada Azərbaycanla bağlı dərc olunmuş kitablarla bağlı fotosərgilər yerləşdirilib.

 

İtaliyanın beş ali təhsil ocağı ilə əməkdaşlıq

 

Prezident İlham Əliyev sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində iştirak edib.

İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.

Sənədlərin mübadiləsindən sonra Prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı deyib: “Bugünkü mərasim Azərbaycan səfirliyinin yeni binasında keçirilir. Onu da deməliyəm ki, bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək.

Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq.

Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur. Onu da bildirməliyəm ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək... Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq...”.

***

Sentyabrın 1-də dövlətimizin başçısı ilə İtaliya Prezidenti Sercio Mattarella arasında görüş olub. İtaliya Prezidenti bu il ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edildiyini bildirib: “Bu səhər Siz Azərbaycan səfirliyinin yeni binasını açdınız. Bu, İtaliya ilə Azərbaycan arasında dostluq əlaqələrinin mühüm nümunəsidir”.

Dəvətə və qonaqpərvərliyə görə italiyalı həmkarına minnətdarlığını bildirən dövlətimizin başçısı bu ölkəyə son səfərini xatırlayaraq əldə edilmiş bütün razılaşmaların həyatda öz əksini tapdığını qeyd edib. “Biz keçən dəfə Sizinlə burada görüşəndə strateji tərəfdaşlığa dair mühüm sənəd imzalamışıq. Eyni zamanda, Azərbaycan-İtaliya Universitetinin yaradılması haqqında söhbət etmişik. Bu gün isə İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində önəmli addım atıldı”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Həmin gün Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Mario Draqilə görüşü keçirilib. Görüşdə Azərbaycanın Avropa İttifaqının və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu xüsusi qeyd edilib. Eləcə də ölkələrimiz arasında iqtisadiyyat, elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Həmçinin İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərində fəal iştirak etdiyi vurğulanıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qarabağ və Zəngəzurun zəngin enerji ehtiyatı var

 

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu keçirilib.

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella, İtaliya Nazirlər Şurasının sədri Mario Draqi və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.

Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.

Ermənistanın işğalından azad olunmuş Azərbaycan ərazilərinin enerji imkanları haqqında söz açan dövlət başçısı deyib: “2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə – Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək”.

***

Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib.

Dövlət başçısının İtaliyaya işgüzar səfəri sentyabrın 2-də başa çatıb.