Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 5-də bu ölkənin mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb.

Görüşdə Rusiya ilə Azərbaycan arasında münasibətlər, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Polad Bülbüloğlu MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri qismində fəaliyyəti, fondun xətti ilə keçirilmiş tədbirlər haqqında nazirə ətraflı məlumat verib.

Görüş zamanı iki ölkənin mədəniyyət nazirlikləri arasında əməkdaşlıq proqramı, beynəlxalq təşkilatlar çərçivəsində mədəni əlaqələrin genişləndirilməsi, beynəlxalq tədbirlər haqqında məlumat mübadiləsi və qarşılıqlı iştirak imkanları, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin qurulması və birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda müştərək kino layihəsinin hazırlanması, Azərbaycan və Rusiya tərəfindən təşkil edilən kinofestivallarda iki ölkənin filmlərinin iştirakı məsələləri də müzakirə olunub.

Bundan əlavə, görüşdə bu ilin noyabr ayında Sankt-Peterburqda təşkil olunacaq Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizin iştirakı, forum çərçivəsində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi imkanlarına nəzər salınıb.