Məlum olduğu kimi, sentyabrın 18-dən 26-dək ölkəmizdə XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Ənənəvi festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da hər il iştirak edir.
Bu dəfə isə teatrın tarixində ilk olaraq mövsümün açılışı Şuşa şəhərində olacaq. Sentyabrın 18-də mədəniyyət paytaxtımızda açıq səma altında gerçəkləşəcək “Şuşadan dünyaya yayılan musiqi” layihəsində teatrın repertuarından Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Ər və arvad”, “O olmasın, bu olsun” musiqili komediyalarından parçalar da təqdim olunacaq.
Tamaşalardan parçaları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Naidə Orucova, Nərgiz Kərimova, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Şövqi Hüseynov, Fərid Əliyev, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Aydan Həsənova, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və başqaları ifa edəcəklər.
Bundan əlavə, Musiqili Teatr festival çərçivəsində sentyabrın 22-də Gəncədə “O olmasın, bu olsun” tamaşasını nümayiş etdirəcək.