Mədəniyyət Nazirliyi, Elm və Təhsil  Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  “Zəfər – 44” adlı uşaq rəsm yaradıcılıq turniri elan olunub.

Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qalibiyyətə həsr olunmuş müsabiqə 10-21 yaş arası  uşaq, yeniyetmə və gənclər arasında keçirilir.

İştirak etmək istəyənlər sentyabrın 30-dək müvafiq anketi tamamlayıb Xətai Sənət Mərkəzinin “Facebook” qrupunda yerləşdirə bilərlər. Müraciət edənlərin iştirak günü qeyd olunmaqla siyahısı qrupda yayımlanacaq.

İştirakçı 2 saat ərzində nəzarətçi rəssamların müşayiəti ilə sərbəst mövzuda hər hansı bir rəsm əsərini ərsəyə gətirməlidir. Plenerlər Xətai Sənət Mərkəzində keçiriləcək.

Hər plenerin sonunda ilkin seçim  aparılacaq. İlkin seçilmiş əsərlər arasından ən yaxşı 44 rəsm turnirin yekun sərgisi üçün seçiləcək.