AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında əməkdaşlıq əlaqələri konkret layihələr üzrə uğurla davam etdirilir.
Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusif Huşkun bu ilin iyul ayında ölkəmizə səfəri çərçivəsində AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli ilə aparılan danışıqlar zamanı Azərbaycan xalqının ədəbi-mədəni pasportu olan “Kitabi-Dədə Qorqud” eposunun Pakistanda urdu dilində nəşr edilməsi barədə razılığa gəlinib.
Ədəbiyyat İnstitutundan bildirilib ki, həmin razılığa əsasən, “Kitabi-Dədə Qorqud” eposu Pakistan Ədəbiyyat Akademiyasının əməkdaşları tərəfindən urdu dilinə tərcümə olunub.
Nəşr üçün professor Yusif Huşkun ön söz, akademik İsa Həbibbəyli isə “Azərbaycan xalqının Ata kitabı” adlı geniş məqalə yazıb.
Eposun bu ilin oktyabrında İslamabadda çapdan çıxması nəzərdə tutulur.
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” eposu 2021-ci ildə akademik İsa Həbibbəylinin geniş müqəddiməsi ilə İtaliyanın “Sondro Teti” nəşriyyatı tərəfindən çap olunub.