Yeni mövsümə necə başlayırlar?
Ölkə teatrları növbəti mövsüm həyəcanını yaşayır. Tamaşaçılarla görüşə hazır köhnə-yeni səhnə işləri ilə yanaşı, təzə ideyalarla da gələnlər az deyil. Bu aktivlik paytaxtdan kənardakı teatrlarda da müşahidə olunur.
Başlayaq Bakıya ən yaxın Sumqayıt Dövlət Dram Teatrından. Sənət ocağında ötən həftə yeni mövsümün başlanması ilə bağlı iclas keçirilib. Teatrın direktoru vəzifəsini icra edən Əməkdar artist Vidadi Məmmədov yeni mövsümün həm də sənət ocağı üçün yubiley (55-ci mövsüm) olduğunu xatırladaraq bu mənada repertuar siyasətinin daha da zəngin nəzərdə tutulduğunu bildirib. Qeyd olunub ki, repertuarda yeni tariximizin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsinə, vətənpərvərlik mövzusuna da xüsusi yer ayrılacaq.
Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov yeni mövsümdə hazırlanması nəzərdə tutulan tamaşalar barədə danışıb. Bildirib ki, teatrın uşaq tamaşalarına da böyük marağı var. Ötən illərdə “Qaraca qız”, “Tıq-tıq xanım”, “Göyçək Fatma”, “Danışan gəlincik” kimi tamaşalar hazırlanıb. Tezliklə bu sıraya A.Lindqrenin “Balaca və Karlsonun macəraları” (rejissor Vasif Məmmədov) əlavə olunacaq. Bundan əlavə, ötən mövsümdən məşqləri başlanılan Ü.Hacıbəylinin “O olmasın, bu olsun” (quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov) və Ə.Haqverdiyevin “Kimdir müqəssir?” (quruluşçu rejissor Fuad Kazımov) yaxın vaxtlarda təhvil veriləcək.
Cənub bölgəsinin əsas səhnəsi olan Lənkəran Dövlət Dram Teatrı sentyabrın 16-da yeni mövsümə başlayacaq. Direktor Tofiq Heydərovun verdiyi məlumata görə, həmin gün sənətsevərlərə teatrın baş rejissoru Anar Babalının qələmə aldığı və quruluş verdiyi “Haqqın 44 günü” tamaşası təqdim olunacaq. Xatırladaq ki, kollektiv Vətən müharibəsində tarixi Zəfərə həsr olunan bu səhnə işi ilə dekabrı ayında İranda keçiriləcək “Sahibdelan” 12-ci Beynəlxalq mistik teatr festivalında Azərbaycanı təmsil edəcək.
Teatr rəhbərinin sözlərinə görə, ilin sonuna kimi Lənkəran sənətsevərləri Xalq yazıçısı Kamal Abdullanın “Casus”, İlqar Fəhminin “Qanlı namə” və mərhum yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” əsərləri əsasında hazırlanacaq tamaşalara da baxa biləcəklər. Hazırda hər üç səhnə əsərinin məşqləri davam etdirilir.
***
Şəki Dövlət Dram Teatrı mövsümü sentyabrın son həftəsində Xalq şairi, dramaturq Vaqif Səmədoğlunun “İntihar” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə açacaq. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Nicat Məmmədovdur, rolları Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Brilyant Babayeva və digərləri ifa edəcəklər.
Eyni zamanda teatrda Xəqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” pyesinin tamaşaya qoyulması üçün hazırlıq gedir. Həmçinin teatrın nəzdində yaradılmış gənc rejissorlar laboratoriyası və gənc aktyorların hazırlanması üçün teatr studiyası artıq öz işinə başlayıb.
***
Gəncə Dövlət Dram Teatrı yeni mövsümə sentyabrın 17-də M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının tamaşası ilə başlayacaq.
Repertuar planında nəzərdə tutulan Con Patrikin “Qəribə missis Sevic” tamaşası artıq təhvil verilib. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Elşad Əhmədovdur. Qarşıdakı dövrdə Ejen İoneskonun “Kral ölür”, Avksenti Saqarellinin “Xanuma”, Jorj Feydonun “Qadın dərzisi” və Abdulla Şaiqin “Danışan gəlincik” (uşaqlar üçün) tamaşaları hazırlanacaq.
Artıq məşqləri başlanan “Kral ölür” tamaşasına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev quruluş verir. Səhnə tərtibatçısı Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Vüsalə Bədəlovadır. Rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artist Elxan Yunis, Sevda Orucova, İlham Hüseynov, aktyorlar Günay Cabbarova, Ruslan Hüseynov oynayacaqlar. Tamaşanın premyerası oktyabr ayı üçün nəzərdə tutulub.
***
Qazax Dövlət Dram Teatrı isə mövsümünü sentyabrın 20-də Əhməd Orucoğlunun “Qulluqçu axtarıram” tamaşası ilə açacaq. Avqust ayında teatr bu tamaşa ilə Şəmkir şəhərində qastrol səfərində də olub. Kollektiv sentyabr və oktyabr aylarında səhnə əsərini Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən və Göygöl rayonlarında təqdim edəcək.
Teatrın repertuar planına əsasən, ilin sonunadək Altay Məmmədovun “Yadındamı?” və Jalə İsmayılın “Min bir gecəlik kitabxana” əsərləri tamaşaya qoyulacaq.
***
Ağdam Dövlət Dram Teatrı yeni mövsümdə seyrçiləri ilə ilk görüşə 13 sentyabrda S.İbrahimlinin “Azad Şuşa” əsəri əsasında baş rejissoru Kərim Həsənovun hazırladığı eyniadlı tamaşa ilə gəlib. Tamaşanın quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Elşən Yusifovdur.
Oktyabrda Xalq yazıçısı Afaq Məsudun “Can üstə” əsəri əsasında rejissor Səbuhi Əhmədovun hazırladığı tamaşa təhvil veriləcək. Bundan başqa, repertuar planında Xanımana Əlibəylinin “Dovşanın ad günü” və Əziz Nesinin “Tənha qadınlar” əsərləri var.
***
Yeni mövsümünə hamıdan tez – sentyabrın 9-da Turqut Özakmanın “Adət” tamaşası ilə başlayan Qusar Dövlət Ləzgi Dram Teatrını da yeni mövsümdə qaynar yaradıcılıq həyatı gözləyir. Kollektiv hazırda Nəriman Həsənzadənin “Qarabağnamə” əsəri üzərində çalışır. Teatrda ilin sonunadək yerli müəllif Asəf Mehmanın “Xarıbəy, Sarıbəy” komediyası da hazırlanacaq.
***
Mingəçevir Dövlət Dram Teatrı mövsümü sentyabrın 25-i iki premyera ilə açmaq niyyətindədir. Bunlar Günel Məcidovanın (yerli müəllif) “Münəccim Səlimin nağılları” (uşaqlar və böyüklər üçün mistik nağıl) və Dario Fonun “Rəngsazların xatirələri yoxdur” (klounlar üçün fars) tamaşalarıdır.
Yaradıcı heyət hazırda Elçin Məhərrəmlinin (yerli müəllif) “Manej” əsərinin üzərində çalışır. Həmçinin M.F.Axundzadənin “Hacı Qara” əsəri ilin sonunadək təhvil veriləcək. Plandan kənar tamaşalara gəlincə, oktyabr ayında dramaturq İsmayıl İmanın “Astara bağları” pyesi üzərində iş başlanacaq.
***
Salyan Dövlət Kukla Teatrı yeni mövsümdə ilk tamaşanı sentyabrın 20-də Neftçala rayonunda göstərəcək. Veteran mədəniyyət işçiləri ilə görüşdə “Sülh naminə birləşək!” kompozisiyası təqdim olunacaq. Sentyabrın 22-də isə Rəvan Tohidoğlu “Bir də etmərəm” nağıl-tamaşasının premyerası olacaq. Hər iki tamaşanın quruluş müəllifi Laləzar Hüseynovadır.
İlin sonunadək teatrda daha iki yeni səhnə işi – Redyard Kiplinqin “Mauqli” (quruluşçu rejissor Rafiq Mirzə) və Xanımana Əlibəylinin “Dovşanın ad günü” (quruluşçu rejissor L.Hüseynova) tamaşaları hazırlanacaq. Həmçinin Rafiq Rəhimlinin “Sönmüş talelər” lirik-psixoloji dramı (quruluşçu rejissor L.Hüseynova) tamaşaçılara təqdim olunacaq.
***
Bu il yaranmasının 50 illik yubileyini qeyd edəcək Qax Dövlət Kukla Teatrı da yeni mövsümə həvəslə hazırlaşır. Kollektiv yeni mövsümdə sentyabrın 17-də Hans Xristian Andersenin “Çirkin ördək balası” kukla tamaşası ilə balacaların qarşısına çıxacaq.
Rəhman Əlizadənin “Tülkünün uçuşu”, Nizami Gəncəvinin “Xeyir və Şər”, Pavel Morozovun “Yırtıcı dovşan” əsərləri əsasında tamaşalar da sentyabr repertuarındakı nümunələrdir. Oktyabrın sonunadək Otfrid Proyslerin “Balaca cadugər” tamaşasının premyerası da nəzərdə tutulub. Teatrın yubiley tədbir-tamaşası da qarşıdakı yaradıcılıq planlarına daxildir.
Həmidə Nizamiqızı