Müzəffər Ağakərimov: «Vaxtında tədbir görülməlidir ki, digərləri də onlara baxıb nəticə çıxarsın»
   
   «Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların lisenziyasının geri alınması keyfiyyətin artırılmasına xidmət edir. Əgər hotel mövcud standartlara və tələblərə cavab vermirsə, onun lisenziyası ləğv olunmalıdır. Çünki onlar standartlar üzrə işləmədiyi təqdirdə tək hotelin yox, ümumilikdə ölkəmizin nüfuzunu aşağı salırlar».
   Bu sözləri qəzetimizə açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov söylədi. Onun sözlərinə görə, belə hotellərə qarşı yumşaq münasibət göstərmək lazım deyil: «Hotellərdə olan nöqsanlara qarşı çox düzgün olaraq mübarizə aparılır, vaxtında tədbir görülməlidir ki, digərləri də onlara baxıb nəticə çıxarsın».
   Assosiasiya rəsmisi Azərbaycan Turizm İnstitutunun Təlim Mərkəzi tərəfindən təşkil edilən ön büro və qeydiyyat kursları barədə də məlumat verərək bildirdi ki, müraciət edənlərin sayı get-gedə artır. Sonuncu kursun dinləyicilərinin sayı 15 nəfərdir. Mütəxəssis adıçəkilən kurslara marağın artmasının başlıca səbəbini paytaxtda hotellərin sayının çoxalması ilə izah etdi: «Ötən il bir neçə beşulduzlu hotelin istifadəyə verilməsi, bu il isə həm beşulduzlu, həm də dördulduzlu hotellərin açılışına hazırlıq görülməsi bu istiqamətdə peşəkar insanlara olan tələbatı artırıb. Kursların dinləyicilərinin yanvarın 12-13-dən başlayaraq «Hilton Bakı», «Kempinski Badamdar» hotellərində təcrübə keçməsi nəzərdə tutulur. Burada bir maraqlı məqamı da vurğulamaq yerinə düşərdi ki, kurslarda iştirak edənlərin keyfiyyət səviyyəsi də yaxşılaşır. İndi müraciət edənlərin əksəriyyəti xarici dili yaxşı bilənlər, kompyuter bilikləri yüksək olanlardır. Kurslara müraciət edənlər arasında fəaliyyətdə olan mehmanxanaların əməkdaşları çoxluq təşkil edir. Görünür, sertifikat alanların işi hotellərin rəhbərliyini qane edir». 
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar