Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

235 il əvvəl...

17 sentyabr 1787-ci ildə Filadelfiyada ABŞ Konstitusiyasının yeni redaksiyası təsdiq edilib. ABŞ müstəqil ştatların birliyindən federativ dövlətə çevrilib. Prezidentlik müddəti 4 il müəyyənləşib.  Ali qanunverici orqan olan konqresdə iki palata – Senat və Nümayəndələr palataları yaradılıb.

 

212 il əvvəl...

18 sentyabr 1810-cu ildə Cənubi Amerikada İspaniya müstəmləkəçiliyinə qarşı müharibədə (1810-1826) ilk olaraq Çili müstəqilliyini elan edib. Sakit okeanla And dağları arasında, şimaldan cənuba təxminən 6500 km, şərqdən qərbə 400 km zolaqda yerləşən Çili dünyada ən maraqlı coğrafi mövqeyə malik ölkələrdəndir.

 

195 il əvvəl...

20 sentyabr 1827-ci il Rusiya-İran müharibəsi gedişində general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları İrəvan xanlığının strateji əhəmiyyətli Sərdarabad qalasını ələ keçiriblər. Sərdarabad Ermənistan sovetləşəndən sonra eyniadlı rayonun mərkəzi olub. 1932-ci ildə Oktemberyan, 1992-ci ildə Armavir adlandırılıb.

 

152 il əvvəl...

20 sentyabr 1870-ci ildə Cüzeppe Haribaldinin rəhbərliyi ilə İtaliyanın birləşdirilməsi başa çatıb. Roma İtaliyanın paytaxtı elan edilib. Lakin Vatikan (Roma Papası) bununla razılaşmadı və 1929-cu ilədək onun İtaliya ilə münasibətləri açıq qaldı. Həmin il şəhərdə 0,44 kv km əraziyə malik Vatikanın dövlət statusu müəyyənləşdi və o, İtaliya ilə diplomatik münasibətlər qurdu.

 

104 il əvvəl...

17 sentyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda Cümhuriyyət hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.

 

98 il əvvəl...

20 sentyabr 1924-cü ildə İraqın şimalında Kərkük türklərinin yaşadığı və neftlə zəngin olan Mosul bölgəsi ilə bağlı məsələ Millətlər Liqasının müzakirəsinə verilib. O vaxt İraq Britaniyanın protektoratlığında idi, Mosula isə Türkiyə iddia edirdi. Millətlər Liqası Britaniyanın istədiyi qərarı çıxardı və Mosul İraqın tərkibində (ingilislərin nəzarətində) qaldı.

 

83 il əvvəl...

17 sentyabr 1939-cu ildə sovet qoşunları Polşa sərhədini keçərək Qərbi Belarus və Qərbi Ukrayna torpaqları hesab edilən ərazilərin SSRİ-yə birləşdirilməsi üçün əməliyyata başlayıb. Bu barədə razılıq həmin il avqustun 23-də SSRİ ilə Almaniya arasında imzalanmış sazişdə (“Molotov-Ribbentrop paktı”) əldə olunmuşdu. SSRİ Polşanın şərqini, Almaniya isə qalan hissəsini işğal etdi.

 

44 il əvvəl...

17 sentyabr 1978-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Cimmi Karterin vasitəçiliyi ilə Misir-İsrail danışıqları sülh sazişi ilə yekunlaşıb. Prezident Ənvər Sədat və Baş nazir Menahem Beqinin imzaladığı sazişə əsasən, İsrail 1973-cü ildə işğal etdiyi Sinay yarımadasını azad edib, Misir İsrail gəmilərinin Süveyş kanalında hərəkətinə icazə verib. Fələstin məsələsi kənarda qaldığı üçün ərəb dövlətləri Misirin addımını satqınlıq kimi qiymətləndirdilər. 1981-ci ildə Ə.Sədat terror aktı nəticəsində qətlə yetirildi.

 

33 il əvvəl...

16 sentyabr 1989-cu ildə Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun ermənilər tərəfindən partladılması nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.

 

28 il əvvəl...

20 sentyabr 1994-cü ildə Bakıda, “Gülüstan” sarayında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının işlənməsinə dair beynəlxalq kontrakt imzalanıb. “Əsrin müqaviləsi” ilə Azərbaycanın yeni neft strategiyasının əsası qoyulub. Prezident Heydər Əliyevin fərmanı ilə 20 sentyabr “Neftçilər günü” kimi qeyd olunur.

 

20 il əvvəl...

18 sentyabr 2002-ci ildə Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlatma mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Heydər Əliyev, Əhməd Necdət Sezər və Eduard Şevardnadze, ABŞ-ın energetika naziri Spenser Abraham iştirak ediblər. Kəmərin inşası 2006-cı ilin yazında başa çatdı, rəsmi açılışı 2006-cı il iyulun 13-də gerçəkləşdi.

Hazırladı: V.Orxan