Çanaqqalada başlayan növbəti mərhələ 10 gün sürəcək

 

Xəbər verdiyimiz kimi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə müxtəlif şəhərləri əhatə edən “Mədəniyyət Yolu Festivalları” adlı layihə həyata keçirilir. Türkiyə mədəni turizm imkanlarının təbliğinə xidmət edən layihə 28 may – 12 iyun tarixlərində İstanbul (“Beyoğlu Mədəniyyyət Yolu” və Ankarada (“Başkənd Mədəniyyyət Yolu”) gerçəkləşərək silsilə tədbirlər – sərgilər, konsertlər, təqdimatlarla yadda qalmışdı.

Sentyabrın 16-da layihə çərçivəsində “Troya Kültür Yolu Festivalı” başlayır. Tədbirlər Çanaqqala şəhərində start götürəcək və 10 gün ərzində ölkənin daha 5 şəhərini əhatə edəcək.

Türkiyə  Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, beynəlxalq marka dəyərinə töhfə vermək məqsədilə keçirilən “Mədəniyyət Yolu Festivalları” çərçivəsində yarışmalar, sərgilər, konsertlər, film nümayişləri, marafonlar, seminarlardan ibarət 100-dən çox tədbir bir araya gətiriləcək. 40-dan çox məkanda keçiriləcək tədbirlərdə Troya, Lidiya, Roma, Osmanlı İmperatorluğu və Türkiyə Cümhuriyyətinin izlərini daşıyan Çanaqqalanın tarixi-mədəni irsi geniş şəkildə təqdim ediləcək.

Qeyd edək ki, bu layihə ilk dəfə ötən il İstanbulun Beyoğlu rayonunda təşkil olunmuşdu. 2021-ci il oktyabrın 29-da Beyoğlunda şəhərin ən böyük mədəniyyət və sənət məkanı – Atatürk Mədəniyyət Mərkəzinin açılışı ilə 29 oktyabr – 14 noyabr tarixlərini əhatə edən “Beyoğlu Mədəniyyət Yolu” festivalı gerçəkləşmişdi.

Bu il isə festivalın ölkə miqyasında keçirilməsi və bunun ənənəyə çevrilməsi qərara alınıb.

Mehparə Sultanova
Ankara