Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən “Şuşa İli” ilə əlaqədar həyata keçirilən “Cənnətim Qarabağ” layihəsi müxtəlif təqdimatlarla davam edir.

Muzeydən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbülə (Murtuza Məmmədov; 1897-1961) həsr olunub.

Təqdimatda bənzərsiz sənətkarın ömür və sənət yoluna nəzər salınır. Bildirilir ki, Bakıda konservatoriyanı bitirdikdən sonra Bülbül təhsilini davam etdirmək üçün 1927-ci ilin noyabrından 1931-ci ilin oktyabrına kimi İtaliyaya ezam olunur. Dörd il ərzində o, Milanda Cüzeppe Anselmi, Delli Ponti və Rafaello Qranidən mükəmməl vokal dərsləri alır. Eyni zamanda “La Skala” teatrının qüdrətli opera ifaçılarını böyük səhnədən canlı surətdə eşitmək, onların ustad dərslərində, məşqlərində iştirak etmək fürsətinə də nail olur.

Yaradıcılığı boyu Bülbül Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının bənzərsiz ifaçısı olub. O, Ü.Hacıbəylinin “Sənsiz” və “Sevgili canan”, A.Zeynallının “Ölkəm”, Niyazinin “Arzu”, F.Əmirovun “Ulduz” romanslarını, “Xumar oldum”, “Kəklik”, “İnnabı”, “Mehribanım”, “Süsən sünbül”, “Qara gözlər”, “Yaxan düymələ”, “Çal oyna”, “Segah təsnifləri” və digər xalq mahnılarını təkrarolunmaz sənətkarlıqla ifa edib.

Sənətdə qazandığı uğurlara görə müxtəlif mükafatlarla, orden və medallarla təltif olunub. 1938-ci ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb.

Musiqi mədəniyyətimizdə silinməz iz qoyan Bülbül öz zəngin sənəti ilə xalqımızın əbədi sevgisini qazanıb.