“Ədəbiyyat qəzeti”nin məsul katibi, teatrşünas, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu sentyabrın 18-də, 75 yaşında dünyasını dəyişib.
Atababa İsmayıl oğlu Hacıbabayev 22 sentyabr 1947-ci ildə Xırdalanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində professor Mehdi Məmmədovun kursunda təhsil alıb. Azərbaycan Teatr Cəmiyyətində redaktor, böyük redaktor, eyni zamanda 1971-1977-ci illərdə “Bakı teatrlarında” məcmuəsinin redaktoru vəzifələrində çalışıb.
1978-1981-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində Nəşriyyat şöbəsinin müdir müavini, 7 dildə nəşr olunan “Sovet Azərbaycanı bu gün” məcmuəsinin redaktoru işləyib. 1981-1987-ci illərdə Teatr Xadimləri İttifaqının bədii rəhbəri olub. O, 1987-ci ilin yanvar ayından indiki “Ədəbiyyat qəzeti”ndə fəaliyyət göstərib. 2009-cu ildən 2014-cü ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində də çalışıb.
Atababa İsmayıloğlu “İki cəbhənin əsgərləri”, “Rza Əfqanlı”, “Səhnə andı”, “Unudulmaz səhnə ustaları”, “Molla Qeybullanın sərgüzəştləri”, “Mizan-tərəzi” və s. kitabların müəllifidir. Mətbuatda teatr və digər incəsənət sahələrinə dair 2000-dən çox məqaləsi dərc olunub. Mirzağa Əliyevin “Xatirələrim” kitabının tərtibçisi, Mişkinaz Cavidin “Xatirələrim”, Adilə İsmayılovanın “Məxluqə Sadıqova”, ikicildlik “Akademik Milli Dram Teatrının fotosalnaməsi” kitablarının ixtisas redaktoru, bir sıra kitabların redaktoru, tədris proqramlarının müəllifidir.
Atababa İsmayıloğlu 2005-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.