Mədəniyyət Nazirliyinin təşəbbüsü əsasında nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 18 sentyabr – Milli Musiqi Günündə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiyaya yerlərdəki mədəniyyət müəssisələri də fəal şəkildə qoşulublar.  Mədəniyyət ocaqlarında kollektivlərin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təşəbbüsün əsas məqsədi ölkəmizin ən ali və əzəmətli musiqisinin – Üzeyir Hacıbəylinin bəstəsi olan Azərbaycan Dövlət Himninin sədaları ilə Vətənimizin keşiyində duran Silahlı Qüvvələrimizə, qəhrəman əsgər və zabitlərimizə dəstək nümayiş etdirməkdir.

***

Ağstafa RMİ-nin tabeliyindəki müəssisələrin kollektiv üzvlərinin, müəllim, tələbə və şagirdlərin iştirakı ilə şanlı üçrəngli bayrağımız dalğalandırılmaqla Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Fazil Əzimov adına Uşaq incəsənət məktəbi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbi və Ağsu rayon Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivlərinin ifasında Dövlət himnimiz səsləndirilib.

***

Sabirabad RMİ-nin tabeliyində fəaliyyət göstərən uşaq musiqi məktəblərində şagird və müəllimlərin ifasında Dövlət himnimiz səsləndirilərək müzəffər Ordumuza dəstək nümayiş etdirilib.

***

Şəki RMİ-nin tabeliyində fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərində şagird və müəllimlər himnimizi ifa edərək müzəffər Ordumuza dəstək olublar.

***

Şəmkir RMİ-nin əhatə etdiyi kitabxana, muzey, mərkəz və musiqi məktəbləri işçilərinin iştirakı ilə Şəmkir rayon Heydər Əliyev Mərkəzində Dövlət himnimiz ifa edilib.

***

Ordumuza dəstək məqsədilə Ağdaş RMİ-nin şəbəkəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində də şagird və müəllimlərin ifasında Dövlət himnimiz səsləndirilib.

***

Gəncə RMİ-nin tabeliyində olan mədəniyyət müəssisələrində, eləcə də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında da sözügedən aksiya reallaşıb. Əvvəlcə Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Gəncə Dövlət Filarmoniyası Kamera Orkestrinin müşayiəti, şəhid valideynləri və övladlarının, qazilərin, Gəncə şəhərində erməni terrorundan zərər çəkmiş ailələrin iştirakı ilə Dövlət himnimiz səsləndirilib.

Tədbir Gəncə RMİ-nin sosial şəbəkə hesablarında canlı olaraq yayımlanıb.

Digər regional mədəniyyət idarələrinin də əhatə etdiyi müəssisələrdə sözügedən aksiya həyata keçirilib.

Nurəddin Məmmədli