Üzeyir Hacıbəyli festivalında musiqili tamaşa

 

Sentyabrın 18-də başlayan Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı maraqlı tədbir və təqdimatlarla davam edir. Proqram üzrə sentyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar Pikə Axundovanın “Qələbədir adın” musiqili monotamaşası nümayiş olundu.

Rejissoru Mirsahib Ağazadə və Elçin Məmmədov olan səhnə əsərinin librettosunu Kəmalə Abıyeva yazıb. Tamaşada baş rolu Əməkdar artist, vokalçı İlham Nəzərov ifa edir.

Tamaşanın nümayişindən öncə həm də layihənin ideya müəllifi olan İlham Nəzərovun düşüncələrini öyrəndik. O, belə bir əsəri tamaşaçı auditoriyasına təqdim etməkdən fəxr duyduğunu bildirdi: “İlk dəfədir biz Azərbaycanda belə bir tamaşa nümayiş etdiririk. Tamaşada bir vokalçı müxtəlif tembrlərdə ifa edir. Layihənin ideyasını bu ilin yanvar ayında düşündüm. Süjet xətti və obrazlar haqqında bəstəkar Pikə Axundovaya danışdım və daha sonra biz libretto üçün Kəmalə Abıyevaya müraciət etdik. Səhnədə ilk dəfə oğlum Səid Nəzərli də mənimlə birgə çıxış edəcək. O, bu il G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin 1-ci sinfinə daxil olub”.

İfaçı qeyd etdi ki, bütün yaradıcı heyət üçün auditoriyanın münasibəti əsas şərtdir. Biz inanırıq ki, izləyicilər vətənpərvərlik ruhunda olan bu tamaşanı bəyənəcəklər.

Daha sonra “Qələbədir adın” monotamaşası nümayiş olundu. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan səhnə işinin süjet xətti bir neçə simvolik obraz əsasında qurulub: Şuşa, Xarıbülbül, Düşmən, Həsrət, Ana və Qələbə. Hər bir obraz ayrıca kompozisiya kimi təqdim edilir. Səhnədə bir-birini əvəz edən obrazlar bütöv bir əsər yaradaraq ümumi fikir və hekayə nəql edir.

Tamaşa Şuşanın gözəlliyi, füsunkar təbiəti, memarlığı, tarixi və mədəni irsini tərənnüm edən kompozisiya ilə başlayır. İlham Nəzərov dastançı obrazında tamaşaçıları özü ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya xəyali səyahətə aparır. O, daha sonra bir neçə fərqli obrazda səhnədə görünür. Məharətlə obrazdan-obraza girən sənətçi plastik və vokal qabiliyyətini nümayiş etdirir. Mürəkkəb hissələrin öhdəsindən ustalıqla gələn ifaçının səsi xarakterdən-xarakterə dəyişir, tamaşaçılar səhnədən həm tenor, həm dramatik və lirik bariton, həm mezzo-soprano, hətta meyxananı xatırladan reçitativ improvizasiyalar eşidirdilər.

Tamaşanın təsirli məqamlarından biri də Ana obrazının təqdimidir. Bu bəstə və ifa igid oğullar böyüdən, Vətəni çox sevən və onun uğrunda canından keçən fədailərə həsr olunub. Ana obrazını Əməkdar artist Yaqut Paşazadə ifa edir. Onun oğlunu isə gənc aktyor Əli Əsədov canlandırır.

Əməkdar artist Viktoriya Şahmuradova Xarıbülbül obrazında səhnəyə çıxmışdı. Vokal ifanın sədaları altında xoreoqraf düşmən tapdağı altında qalan bu incə çiçəyin gözəlliyini, iztirab və çırpıntılarını sözsüz olaraq öz plastika və jestləri ilə təqdim edir.

Alqışlarla qarşılanan monotamaşa 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun Qələbəsini simvolizə edən hissə ilə başa çatır. Tamaşa haqqında daha ətraflı gələn sayımızda.

Lalə Azəri