Sentyabrın 20-də Gəncə Dövlət Kukla Teatrının kollektivi Bakıya birgünlük qastrol səfərləri çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasını şəhid və qazi övladları üçün nümayiş etdiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə baş tutan nümayişdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad olunub.
Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Estoniyada yaşayan “Avşar” kukla teatrının rəhbəri, Əməkdar artist Rauf Avşarov, quruluşçu rəssamı Xatirə Avşarova, kuklaçı rəssamı Rəvanə Yaqubovadır. Rolları Səməd Xanəhmədov, Nərmin Şərifova, Elmar Vəliyev, Zülfiyyə Əliyeva, Yeganə Məmmədova ifa edirdilər.
Xatırladaq ki, Gəncə Dövlət Kukla Teatrı bu tamaşa ilə özünün 37-ci mövsümünü açıb.