Şövqi Hüseynov: “Bir dəfə tamaşanı yarımçıq qoyub çıxmışam. Antraktdan sonra tamaşaçı qarşısına çıxmağa utandım...”

 

O, istedadı, peşəkarlığı və ən əsası da zəhməti və sevgisi ilə bu gün səhnəmizin ən sevilən aktyorlarındandır. Nəinki çalışdığı səhnədə, ümumən fərqli teatr və rejissorların işləmək istədiyi ifaçılardandır. Çünki durmadan öz üzərində çalışır. Necə deyərlər, öz aləmindədir...

Səhnə yaşı 30-u, ömür yaşı 50-ni haqlayan bu sənətkarın oyunu kimi söz-söhbəti də maraqlı və səmimi idi. Elə isə Gənc Tamaşaçılar və Akademik Musiqili teatrlarının 50 yaşlı “cavanı”, Əməkdar artist Şövqi Hüseynovla söhbətimizə “tamaşa” edək.

 

– Növbəti festivaldan qayıtmısınız. Maşallah, artıq hər yay festivallarla dincəlirsiniz...

– Məncə, aktyorun ən böyük istirahəti səhnədədir və mən bundan böyük zövq alıram. Festivallara getmək həm də aktyorun format olmasıdır. Biz öz şirəmizdə bişə bilmərik. Mən çox sevinirəm ki, buna dəstək var. Aktyor olaraq nə qədər istəsəm də, maddi baxımdan bunu sistemli təmin edə bilmərəm. Təşəkkür edirəm ki, Mədəniyyət Nazirliyi bütün bu təklif və dəvətlərə dəstək verir. Budəfəki festivalda – Rusiyada təşkil olunan “Ostrovski – FEST” Beynəlxalq Teatr Festivalında Akademik Musiqli Teatrda hazırlanan F.Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa ilə ölkəmizi layiqincə təmsil etməyə çalışdım və diplomla təltif olundum. Bu və ümumən bütün monotamaşalarım mənə uğur gətirib və inanıram ki, bundan sonra da belə olacaq.

 

– Mütəmadi festivallara gedirsiniz deyə soruşuram: teatr və tamaşa üzərində “velosiped icadı” bütün başqa ölkələrdəki teatrlara da xarakterikdir, yoxsa biz qalmışıq yolayrıcında?

– Xeyr, bu, bütün dünyada baş alıb gedən prosesdir. Mən yeni meyillərin hər formasını qəbul edirəm. Təki bütün dediklərimiz insana xidmət eləsin. Səhnədə canlı insan olmalıdır. Bu olmazsa, bizi kreativ ideyalarımız xilas etməyəcək. Tamaşaçı teatra yalnız insana görə gəlir. Söhbət əsl tamaşaçıdan gedir. O tamaşaçı “nə baş verir”ə yox, “necə baş verir”ə baxmağa gəlir. Nə sualına cavab axtaran sirkə gedir. Biz nə qədər çalışsaq da, istənilən tryuk və performansları sirkdən yaxşı edə bilmərik. Amma teatrın üstünlüyü ondadır ki, onda insan var və o, duyğularının dilində danışa bilir. Tamam, yenilik gətirin. Amma özülü dağıtmaq olmaz. İnsanla məşğul olmaq üçün yuxusuz gecələr, savad, enerji və istedad lazımdır. Bu, əzablı bir prosesdir və çox adam dözə bilmir. Amma mümkündür.

 

– İndiki teatr, indiki rejissura nə istəyib, nəyi göstərir?

– Rejissor aktyoru istənilən formada təqdim edə bilər. Amma içi yoxdursa, yalnız siz deyən o əlavə effektlərdən ibarətdirsə, ona bir dəfə baxmaq olar. Amma insana, səhnədə özünü hiss edən və etdirən insana yorulmadan tamaşa edərsən. Baxın, repertuarda elə tamaşalar var ki, uzun illərdir oynanılır. İndi bir fikir də atıblar ortaya: tamaşa köhnəlib. Qətiyyən razı deyiləm. Tamaşa tamaşaçı gətirirsə və izləyici ona hər dəfə maraqla baxırsa, deməli, burada köhnəlikdən söhbət gedə bilməz. Əvəzində bu gün oynanılıb, sabah “köhnələn”lərdən danışsınlar.

 

– Yaxşı, o meyarı kim müəyyən edir? Tamaşaçı, yoxsa teatr?

– Tamaşanın yaşamasını, əlbəttə ki, tamaşaçı təyin edir. Hə, bir də teatrın, tamaşanın taleyini peşəkar teatrşünaslar, sənətinə hörmət edən teatr tənqidçiləri həll etməlidir. Mütləq yazılmalı, deyilməli, analiz olunmalıdır. Müzakirələr aparılmalı, premyeralar ətrafında fikir axını olmalıdır. Hər şey yaxşıdır deyib keçmək olmaz. Ümumən, ən vacib faktor tamaşaçıdır, meyar da elə odur.

 

– Onda, gəlin, bir az da bizim tamaşaçıdan danışaq. O necədir və səhnədən necə görünür?

– Bizim tamaşaçı daha sərtdir və mən ona borcluyam. O, bizi, şəxsən məni rahat olmağa qoymur. Amma rus tamaşaçısı elə deyil. Gözləyir, sənə imkan verir ki, səhnədə nə qədər istəyirsən yaşa, pauza ver. Amma bizim tamaşaçı yox. O, tonu aşağı salmağa qoymur. Bir az temp düşən kimi durub gedir. Beləcə, məni formada saxlayır, tempə kökləyir.

 

– Yəni gərginlikdə saxlayır?

– Mən ona formada saxlayır deyirəm. Beləcə, mən onu itirməkdən qorxuram. Hər oyunda bizim tamaşaçı ilə “müharibə”yə çıxıram. Ya o mənə qalib gələcək, ya da mən ona. Bəzən qalib gəlirik, bəzən də məğlubiyyətlə razılaşırıq. Canlı sənətlə məşğuluq. Bəzi tamaşalardan sonra adam istəyir ki, ərizəsini yazıb çıxıb getsin. Məndə belə hallar dəfələrlə olub. Hətta bir dəfə Kamera Teatrında tamaşanı yarımçıq qoyub çıxmışam. Birinci hissəni oynadım. Antraktdan sonra tamaşaçı qarşısına çıxmağa utandım. Tamaşaçı mənə qalib gəlmişdi.

 

– Bəzi rejissorlarımız, aktyor həmkarlarınız da “hər tamaşa hər tamaşaçı üçün deyil” deyirlər. Razısınız?

– Xeyr, əsla. Biz bilet satanda tamaşaçının diplomuna baxıb, intellektual səviyyəsini yoxlayıb, zövqünü ölçmürük ki. İstənilən tamaşaçı istənilən tamaşaya baxmaq hüququna malikdir və mənim də vəzifəm onun qarşısına çıxıb öz sənətimi göstərib özümü ifadə etməkdir. Tamaşaçı mənə baxmırsa, zaldan gedirsə, ümumən teatra gəlmirsə, bunun günahkarı aktyordur.

 

“Rejissor barmağı tamaşada görünməməlidir”

 

– Bəs uğurlu-uğursuz tamaşa bölgüsündə əsas pay kimə düşür?

– Aktyor əvvəl gəlir, sonra, təbii ki, rejissor və teatr. Çünki səhnədə tamaşaçı qarşısına çıxan aktyordur. Düzdür, rejissor onu yönəldir. Amma ilk ünsiyyət aktyorla başlayır. Ümumiyyətlə, rejissor barmağı tamaşada görünməməlidir. Görünürsə, deməli tamaşa yaxşı alınmayıb. Rejissor tamaşaçıdan əvvəl görür prosesi. Aydındır, rejissor aparıcı qüvvədir və aktyor onun fikrini daşımalıdır. Amma vicdanla. Tamaşa uğurlu olanda aktyorlar deyirlər bizim işimizdir, pis olanda rejissorun üzərinə atırlar. Əslində, ikisi də realdır. İkibaşlıdır. Hər iki tərəf məsuliyyət daşıyır. Yaxşıdırsa da, pisdirsə də, bizim işimiz, bizim məhsulumuzdur – hamımızın. Niyə ayırmalıyıq? Bilirsiz, son nəticədə uğursuzluqların bir səbəbi çıxır – rejissor aktyoruna etibar eləmir, yaxud əksinə.

 

– Bəlkə aktyor o deyil?

– O deyilsə, niyə rol verir? Fikrimcə, rejissor aktyoruna tam etibar eləməlidir. Əgər aktyor mənə etibar eləmirsə, gücümə inanmırsa, onunla nə işim ola bilər? Yaxud o işin keyfiyyətinə kim zəmanət verə bilər? İllər əvvəl bir televiziya filminə çəkilirdim. Rejissor kamera arxasında oturub heç mənim fərqimə belə varmadan “Yox, o deyil” deyib dururdu. İnanın, heç məni görüb energetikamı hiss belə etmirdi. Mən də cavanam da. Daha çox tər tökür, daha yaxşısını eləməyə çalışıram. Görürəm yox e, heç bunun vecinə də deyil. Nəticədə çəkilişi yarımçıq qoyub getdim. Rejissor aktyora baxanda, onu görəndə nə isə alına bilər. Bir də qarşılıqlı inam və mübadilə vacibdir. Onda nə isə əmələ gəlir. Xəstə həkiminə, tələbə müəlliminə inanan kimi. Rejissor imkan verməlidir ki, aktyor özü tapsın, özü manevr etsin. Yenə məni keçmişə apardınız... Mərhum rejissorlarımızdan birinin məşqi idi. Mən qarışıq hamımızı robot kimi qəlibə salıb, az qala hansı sözdən sonra göz qırpacağımıza da qərar verməyə çalışırdı. Axır necə boğaza yığıldımsa, fəryad elədim, “Evim yox, maaşım yox, şan-şöhrətim yox, bircə sənətim var. Heç olmasa, icazə ver, ondan zövq alım, özümü tapım, sevincimi yaşayım” deyib səhnədən düşdüm. Çətin də olsa, razılaşdı və nəticədə yaxşı iş alındı.

 

– Amma əksər rejissorlar deyir ki, aktyor birmənalı icraçıdır.

– Xeyr, düz yanaşma deyil. Aktyor marionet yox, yaradıcı insandır.

 

– Hər aktyor?

– Hər bir aktyora elə yanaşmaq lazımdır. Sən kim olursan ol, bu an hansı aktyorla işləyirsənsə, “O, dünyanın ən gözəl aktyorudur ki, mən onunla işləyirəm” düşüncəsini özün üçün təlqin etməlisən. Yoxsa “o pisdir”, “əlimizdəki variant budur”, “bunlardan alınmayacaq” deyirsə, sözsüz ki, alınmayacaq. Düzdür, bəzi aktyor da bu nəticəni özü hasil edir. Təsəvvür edin, Xalq artistidir, rejissora “Bu sözü gülərək deyim, burada əlimi belimə qoyub danışım” kimi gülməli suallar verir. Belə tamaşa hazırlamaq olar? Yaxud deyir filan rejissor pisdir. Soruşanda niyə, deyir mənə mizan vermir. Amma unudur ki, yaxşı rejissor heç vaxt mizan vermir. Metaforik mizan verə bilər, amma “Fatı dur, Fatı otur” yox.

 

– Bu lap “Yaxşı aktyora heç rejissor lazım deyil” oldu ki...

– Elə niyə? Məhz yaxşı aktyora rejissor lazımdır. Təbii ki, yaxşı rejissor. Nə qədər güclü, böyük aktyor olsan da, mütləq sənə rejissor lazımdır. Kənar göz. Amma mütləq aktyoru hərəkətə gətirməlidir, imkanlarını üzə çıxarmağa vadar eləməlidir. Alınmırsa, bayaq dediyim düz variantını, seçdiyi formasını ortaya qoymalıdır. Yenə deyirəm, yaxşı rejissor mizan vermir; iç verir, hal verir, səni düz istiqamətdə düşünməyə yönəldir.

 

– Rejissorları seçmək imkanınız olsaydı...

– Təəssüf ki, yoxdur. Bizim valideyn seçmək hüququmuz olmadığı kimi, rejissor seçimi lüksümüz də yoxdur. Amma mənim imkanım var ki, “O mənim rolum deyil, onu oynamağa yaşım imkan vermir” deyə bilim. Bəli, artıq bunu deyə bilən yaşdayam, əməldəyəm.

 

“İstədiyim rolları oynayıb, gücümün çatdığı işləri görmüşəm”

 

– Lap rejissordan zülm görən, əziyyət çəkən aktyor kimi danışırsınız...

– (gülür). Hesab edirəm ki, əksinə, mən bəxti gətirən aktyoram. İstədiyim rolları oynayıb, arzuladığım, gücümün çatdığı işləri görmüşəm. Bəxtim həm də ona görə gətirib ki, Xalq artisti Cənnət Səlimova kimi yaxşı ustadım olub. Bilirsiniz, əslində, aktyor yox, yaxşı rejissor aktyorunun rol pilləsini düşünməlidir.

 

– Bəlkə bu, həm də ona görədir ki, siz daim öz üzərinizdə çalışırsınız?

– Başqa cür ola da bilməz. Aktyor rejissordan narazıdırsa, onun oyununu qəbul etmirsə, nə məcburdur, işləməsin onunla. Rejissor aktyora rol vermirsə, birmənalı günahkar aktyordur. Mən yaradıcılıqdan danışıram. Şəxsi münasibət, dostluq, qrupbazlıqdan yox. Elə şeyləri mən də çox görmüşəm. Amma yenə də təslim olmamışam. Onda da, indi də oynamaq, sadəcə, səhnədə işimi görmək istəyirəm. Rol vermirlər, dayanmıram. Monotamaşalar hazırlayıram, fərqli janrlarda nümayişlər təqdim edirəm. Amma söhbət yaradıcı insandan, normal rejissordan, yaradıcılıqdan gedirsə və rejissor bu vəziyyətdə mənə rol vermirsə, təqsir yenə məndədir. İstər rejissor, istər aktyor özünün, tamaşaçısının düşməni deyil axı. Yaxşı rejissor istəyər ki, tamaşasında yaxşı aktyor oynasın, elə aktyor da...

 

– Lap rejissor kimi danışırsınız. Nə əcəb quruluşa cəhd göstərmirsiz. Axı bu tendensiya da geniş yayılıb.

– Yox, istəmirəm. Bir dəfə əsəbiləşib qurmuşdum, daha təkrarlamadım (gülür). Çünki mən aktyoram, aktyor kimi də qalmaq istəyirəm.

 

– Səhv etmirəmsə, A.Çexovun sözüdür. Deyir “Rol pencəkdir, aktyor onu istənilən vaxt geyinib-soyuna bilməlidir”. Bizdə isə hələ də ampluada ilişib qalanlar var...

– Hə, bax bunun günahı məhz rejissordadır. Mən istəmirəm rejissor mənim boyuma biçilən, başqa tamaşadakına oxşar rolumu versin. Əksinə, bu dəfə məni daha çətin sınağa salıb, daha çox işlətsin, başqa bir hala salsın.

 

– Bəzi rollar da olur ki, “bu mən deyiləm, bu mənim işim deyil” dedirdir?

– Olur. Amma deyim ki, mən deyiləm deyə-deyə gördüyüm işdən aldığım zövqün ölçüsü yoxdur. İndi deyəcəksiniz ki, özünüzə əziyyət verməyi xoşlayırsız. Bəli, çünki sənət, aktyorluq budur. Biz xərclədikcə böyüyəcək, seviləcəyik.

 

– Sizin Məşədi İbad roluna girişməyiniz də əziyyətsevərliyinizdən xəbər verirdi. Beyinlərdə dərin iz salmış obraz və Şövqi Hüseynov...

– Bəli, böyük məsuliyyət idi və çox çətin qərar verdim. Çünki o personaja tam başqa cür baxdım və stereotipi qırmaq elə də asan olmadı. Birinci “proqon”da soyuq tər tökdüm. Əslində, hamımız bərbad halda idik. Səhərədək evə getmədim. Öz-özümə saatlarla məşq etdim və sonda personajı gördüm. Ondan sonra öz-özümə “Şövqi, daha sənə zaval yoxdu” dedim. Səhər çıxıb şəhəri dolaşdım, saçlarımı dibindən kəsdirdim və teatra qayıtdım. Hamı məəttəl qaldı. Beləcə, parikdən də, qaşlardan da, xaldan da, butafor qarından da imtina etdim. Ardınca özümün anladığım və sevdiyim Məşədi İbadı göstərdim. Düşünürəm ki, sevdirməyə də nail oldum. Təbii ki, bu işdə Cənnət Səlimova və Musiqili Teatrın truppasının böyük əməyi vardı.

 

– Bir də filan rejissorun aktyoru faktoru var. Məsələn, Cənnət Səlimovanın aktyoru.

– Normaldır, ustadımdır və sevimli rejissorumdur. O, tələbə vaxtımdan mənim vizit kartımdır.

 

– Ötən mövsümdə sizi üç ayrı teatrın tamaşalarında gördük. Fərqli üslub və yanaşması olan rejissorlarla işləyirsiz. Yəqin bu da sizə güvən verir.

– Təbii ki, hamısından da zövq almışam, özümü hər dəfə başqa aktyor keyfiyyətlərimə görə göstərməyə nail olmuşam. Amma buna qədər axı əziyyət çəkmişəm. Sözün bütün mənalarında, sıfırdan başlamışam və yalnız başımı aşağı salıb sənətimlə, işimlə məşğul olmuşam.

 

– 50 yaşlı Şövqi Hüseynov sənətdə daha çox nəyi gördü: sevgini, şöhrəti, yoxsa əzab-əziyyəti?

– Sadaladıqlarınızın hamısını. Özü də hər biri əziyyətdən, məhrumiyyətdən keçdi və hazırda olduğum mövqedən çox razıyam. Aktyora nə lazımdır? Təbii ki, yaradıcılıq şəraiti – səhnə, rol, özünü ifadə imkanı. Bu mənada şəxsən məni xoşbəxt eləmək çox asandır. Roluma dəyməyin, səhnəmi əlimdən almayın, vəssalam. Hə, bir də aktyor, yaradıcı insan diqqəti, dəstəyi sevir. Sözsüz ki, onun əsas meyarı tamaşaçı münasibəti və sevgisidir. Şükür Allaha, bu barədə də məmnunam. Yaradıcılıq üçün şərait və imkanlar var. Qalır işləmək. Mən də öz işimi sevə-sevə icra edirəm. Təbii ki, nəticəsini düşünmədən. Çünki biz sənətə gələrkən heç bir qarşılıq düşünməmişik. Nəzərə alın ki, həmin dövr də ağır idi. Amma heç vaxt peşman olmadım, bezmədim, ruhdan düşmədim. O demək deyil ki, mənə asan oldu. İki ilə yaxın teatrda yaşadım. Ev, şərait yox idi. Amma buna rəğmən xoşbəxt idim. Amma təəssüf ki, indiki gənclikdə o yoxdur.

 

– Gəlin, söhbətimizə başlayan yeni mövsüm və yeni planlarla nöqtə qoyaq.

– Sevinirəm ki, fasilədən sonra təzəcə əsaslı təmirdən çıxan doğma səhnəmizə qayıtdıq. Sonuncu premyeramız “Qağayı”nı, nəhayət, öz səhnəmizdə oynayacağıq. Bundan başqa, teatrda Mehriban Ələkbərzadə və Nicat Kazımovun quruluşlarında iki fərqli tamaşanın məşqləri gedir və orada da rollarım var. Akademik Musiqili Teatrda isə “Kimyagər” yeni quruluşda hazırlanır, orada da rolum var. M.Ələkbərzadə ilə monotamaşa üzərində də çalışırıq. Pedaqoji fəaliyyətimi də davam etdirirəm.

Söhbətləşdi: Həmidə Nizamiqızı