Şəki Regional Mədəniyyət İdarəsi (RMİ) Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Xan qızı Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyinə həsr olunmuş “Zərif qadın əlləri” adlı sərgi təşkil edib. Muzeydə bir neçə gün davam edən sərgini məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri ziyarət ediblər.
***
Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi Ağcabədi nümayəndəliyinin təşkilatçılığı ilə gənc könüllülər üçün “Ailə psixologiyasında əsas anlayışlar”, “Reproduktiv sağlamlıq” və “İctimaiyyətlə əlaqələrin yeni mediada rolu” mövzularında təlimlər keçirilib. Təlimlər zamanı gənclər arasında komanda işləri həyata keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
***
Bərdə RMİ tərəfindən respublikanın aparıcı bədii təhsil müəssisələrinin təcrübəli müəllimlərinin, tanınmış incəsənət xadimlərinin iştirakı ilə tabe uşaq musiqi və incəsənət məktəblərində ustad dərsləri təşkil edilir. Sözügedən istiqamət üzrə növbəti ustad dərsləri Bərdə və Yevlax rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində keçirilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Yeganə Mustafayeva tərəfindən keçirilən ustad dərsləri dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) 100 illiyinə həsr olunub.
***
Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyevin iştirakı ilə şəhər Heydər Əliyev Mərkəzində Sumqayıtda yerləşən tabe müəssisə rəhbərlərinin müşavirəsi keçirilib. Mədəniyyət müəssisələrində şəhidlərə həsr olunmuş xatirə gecələrinin, vətənpərvərlik mövzusunda tədbirlərin keçirildiyini vurğulayan Rəşad Əliyev şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqət göstərilməsinin zəruri olduğunu qeyd edərək bu istiqamətdə müvafiq tapşırıqlarını verib.
Sumqayıt RMİ Bülbül adına 2 nömrəli Sumqayıt şəhər Uşaq incəsənət məktəbinin rəssamlıq ixtisası üzrə şagirdləri istedad müsabiqəsində uğur qazanıblar. Azərbaycanda fəaliyyət göstərən “Sehrli Aləm” Cəmiyyəti tərəfindən türkdilli dövlətlər arasında keçirilən “Pöhrə – 2022” istedad müsabiqəsinə qatılan Kamilla Ələsgərova Qran-pri mükafatına, Nərgiz Əmirova və Emilya Cəfərova isə I yerə layiq görülüblər. Müsabiqəyə şagirdləri hazırlayan məktəbin müəllimi Firuzə Rüstəmova “Yaradıcı müəllim” diplomu ilə təltif olunub.
Nurəddin Məmmədli