Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü “Zəfər yolu” tamaşası ilə açıb. 44 günlük Vətən müharibəsinə həsr olunan səhnə əsəri ötən mövsümdə hazırlanıb.

Teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov yeni mövsümün açılışı münasibətilə sənətsevərləri təbrik edib. O, Vətən müharibəsində tarixi Qələbədən söz açaraq bildirib ki, tamaşa xalqımızın qazandığı tarixi Zəfərə ərməğandır.

Daha sonra səhnə əsəri təqdim olunub. Yeni yaradıcılıq işinin müəllifi və quruluşçu rejissoru Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış edirlər.