Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

249 il əvvəl...

28 sentyabr 1773-cü ildə Rusiyada Yemelyan Puqaçovun rəhbərliyi ilə kəndli müharibəsi başlayıb. Puqaçovun Uralda (Yatski şəhəri) başladığı üsyan tezliklə geniş miqyas alıb. Hərəkatın genişləndiyini görən İmperatriçə II Yekaterina onun üzərinə qoşun hissələri göndərib. Üsyan yalnız 1774-cü ilin sonunda yatırıldı və 1775-ci ilin yanvarında Puqaçov və ən yaxın silahdaşları Moskvada edam edildilər.

 

111 il əvvəl...

29 sentyabr 1911-ci ildə İtaliya Osmanlı dövlətinə müharibə elan edərək onun Şimali Afrikadakı müstəmləkələri üzərinə hücuma keçib. Tezliklə Liviyanın bir hissəsi İtaliya qoşunları tərəfindən işğal olunub. Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı imperiyasının zəifləməsi əksər Avropa dövlətlərini onun müstəmləkələrini bölüşdürməyə şirnikləndirmişdi.

 

102 il əvvəl...

30 sentyabr 1920-ci ildə Moskvada RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqavilə imzalanıb. Müqavilə sovet Azərbaycanının müstəqilliyinin formal xarakter daşıdığının bariz göstəricisi idi. Azərbaycan hərbi məsələlərdə bütün idarəetmə səlahiyyətlərini, iqtisadiyyatda isə taleyüklü qərarların qəbulunu, o cümlədən neft sahəsinin idarə olunmasını Rusiyaya verib.

 

84 il əvvəl...

29 sentyabr 1938-ci ildə Münxendə Almaniya, Britaniya, Fransa və İtaliya rəhbərləri Çexoslovakiyanın almanlar yaşayan Sudet bölgəsi ilə bağlı saziş imzalayıblar. Britaniya Baş naziri Nevill Çemberlen, Fransa Baş naziri Eduard Daladye və İtaliyanın faşist lideri Benito Mussolini Sudet bölgəsinin Almaniyaya birləşdirilməsi barədə Adlof Hitlerin təklifinə razılıq veriblər. I Dünya müharibəsinədək Almaniyanın ərazisi olmuş bölgə  müharibədə almanların məğlub olmasından sonra Çexoslovakiyanın tərkibinə keçmişdi.

 

76 il əvvəl...

30 sentyabr 1946-cı ildə faşist Almaniyasının rəhbərliyi üzərində qurulan Nürnberq məhkəməsi (1945-ci il noyabrın 20-də başlamışdı) yekunlaşıb. İki gün ərzində oxunan hökmlərə əsasən, Hitler komandasının rəhbərləri – Gerinq, Ribbentrop, Keytel, Kaltenbruner, Rozenberq və başqaları ölüm (asılmaqla) cəzasına məhkum ediliblər. Hitlerin baş maliyyəçisi Martin Borman haqqında qiyabi ölüm hökmü çıxarılsa da, onun 80-ci illərədək Cənubi Amerikada yaşadığı bildirilirdi.

 

56 il əvvəl...

30 sentyabr 1966-cı ildə Böyük Britaniyanın Cənubi Afrikadakı müstəmləkəsi olan Botsvana müstəqilliyini elan edib. Botsvana 1885-ci ildə  Britaniyanın protektoratlığına keçmişdi.

 

33 il əvvəl...

30 sentyabr 1989-cu ildə Fransanın Afrikadakı keçmiş müstəmləkələri olan Seneqal və Qambiya birləşdikləri vahid dövlətdən (Seneqambiya) çıxaraq yenidən iki ayrı dövlət olublar. 1960-cı ildə Fransanın müstəmləkəçiliyindən qurtulan Seneqal və Qambiya daha sonra vahid dövlət şəklində birləşmişdilər.

 

32 il əvvəl...

30 sentyabr 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilib. İlk dəfə olaraq seçkilər alternativ əsasda və çoxpartiyalı şəraitdə keçirilib. Ali Sovetə seçkilərin ilk turunda respublika üzrə 360 dairədən üçdə ikisində deputatlar seçildi, qalan dairələr üzrə təkrar seçkilər elan edildi. Şuşa rayonu istisna olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində seçkilər baş tutmamışdı. Həmin ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyev birinci turda 340 saylı Nehrəm seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin, 2 saylı Naxçıvan şəhər seçki dairəsindən isə Naxçıvan MSSR-in deputatı seçilmişdi.

 

28 il əvvəl...

29 sentyabr 1994-cü ildə Bakıda parlament (Ali Sovet) sədrinin müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetiriliblər. Həmin vaxt Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edən Prezident Heydər Əliyev bəyanat verərək bu terror aktının Azərbaycanın dövlətçiliyi əleyhinə yönəldiyini, lakin dövlətin bu təhdidlərdən sarsılmayacağını bildirmişdi.

Hazırladı: V.Orxan