ABŞ-da fəaliyyət göstərən «Aslan global» təşkilatının rəhbəri xanım Kaia Miller Azərbaycan Turizm İnstitutunun qonağı olub.
   
   İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, ATİ-nin prorektoru Eldar Aslanov qonağa institutun fəaliyyəti, beynəlxalq təşkilatlarla əlaqələri, ixtisaslı kadr hazırlığı istiqamətində əldə etdiyi uğurlar barədə məlumat verib. Prorektor həmçinin Azərbaycanla Dünya Bankı arasında 2007-ci ildə kredit sazişi əsasında imzalanmış “Böyük Bakının Regional İnkişaf Planı 1” layihəsinin işlənib hazırlanmasında ABŞ-ın «Aslan global» təşkilatının məsləhətçi kimi funksiyasının faydalı olduğunu nəzərə çatdırıb.
   Qonaq isə öz növbəsində Azərbaycana səfər proqramını açıqlayaraq, “Böyük Bakının Regional İnkişaf Planı 1” layihəsi çərçivəsində dövlət strukturları ilə görüşlərin keçirilməsi, Azərbaycanın turizm potensialı, mövcud turizm infrastrukturları, turizmin inkişafında dövlətin rolu, eləcə də müvafiq sahələrlə bağlı məlumat toplamaqda maraqlı olduğunu deyib.
   Görüşün sonunda prorektor Eldar Aslanov bir daha qonağın nəzərinə çatdırıb ki, turizm bütün ölkələrdə olduğu kimi, Azərbaycan şəhərlərinin inkişafında da mühüm rola malikdir. Xüsusilə Bakı turizmin inkişafı baxımından daha önəmli sayılır. “Böyük Bakının Regional İnkişaf Planı 1” layihəsinin işlənib hazırlanmasında turizm amilinin nəzərə alınması da sıradan bir hadisə olmayıb, həm məsuliyyət, həm də etimad deməkdir. Görüşün sonunda Azərbaycan Turizm İnstitutu ilə ABŞ-ın «Aslan global» təşkilatı arasında əməkdaşlığın faydalı olacağı xüsusi vurğulanıb.
   
   Fəxriyyə Abdullayeva