Azərbaycan Yazıçılar Birliyində (AYB) Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi ilə nəşr edilən “Şuşa İli”nə həsr olunmuş “Zəfərin Amili” və “Yeni bir səhər” kitablarının təqdimatı keçirilib.
Giriş sözü ilə çıxış edən AYB-nin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli kitablar haqqında məlumat verib. Daha sonra hər iki nəşrin layihə rəhbəri və ön sözün müəllifi, Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı kitabların nəşrə hazırlanması prosesindən söz açıb, hər iki gənc müəllifə uğurlar arzulayıb.
Kitabların redaktoru, yazar, ədəbiyyatşünas Ramil Əhməd nəşrlərin ədəbiyyat adamları və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağını vurğulayıb. Daha sonra tədbirdə iştirak edən tanınmış şair, yazıçı Seyran Səxavət, Xəyal Rza və digərləri kitablar haqqında fikirlərini bölüşüblər.
“Zəfərin Amili” kitabı 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Amil Hüseynova həsr olunub. Qəhrəmanın həyat yoldaşı Xalisə xanımın müəllifi olduğu nəşr Amilin timsalında bütün şəhidlərin, müharibə iştirakçılarının və müharibə zamanında onları gözləyənlərin duyğularından, yaşantılarından bəhs edir.
“Yeni bir səhər” kitabı isə “Kür” ədəbi məclisinin üzvü, Beyləqan rayon Niyazi adına Uşaq musiqi məktəbinin müəllimi Aygün Bayramlının şeirlərindən ibarətdir. Müəllifin şeirləri “Zəfər yolu”, “Səni gözləyirəm” və “Bu gün yeni bir səhər” başlıqları altında toplanıb.