Milli İncəsənət Muzeyində maarifləndirici sərgi
Sentyabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərgi açıldı.
Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə ərsəyə gəlib.
Layihənin koordinatoru, muzeyin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Rəfiyeva sərgi haqqında məlumat verdi. Qeyd etdi ki, layihə uşaq, yeniyetmə gəncləri iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirmək məqsədi daşıyır. Sərgi zamanı dünyaca məşhur müəllif Denis Tomopulosun uşaqlara ətraf mühitin çirklənməsi problemlərini və planetdə iqlim dəyişikliyi ilə mübarizə yollarını izah edən “Yer kürəsi deyir” cizgi filmi nümayiş etdiriləcək. Bundan əlavə, sərgidə Layen Haykensin şəxsi kolleksiyasından hazırkı iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar – hippopotamları (begemot) əks etdirən eksponatlar nümayiş olunacaq. Sərgi gələcək nəsillərin həyat keyfiyyətinə mənfi təsir edəcək atmosferdə karbon emissiyalarının artması və ətraf mühitin deqradasiyası məsələlərini gündəmə gətirir.
Layihə çərçivəsində həmçinin gənc nəslin iqlim dəyişikliyi problemləri haqqında maarifləndirilməsinə yönəlmiş “Comics Uniting Nations” (“Millətləri birləşdirən komikslər”) toplusundan nümunələr ilk dəfə Azərbaycan dilində təqdim ediləcək. Uşaqlar və gənclər üçün məlumat turları, təqdimat və müzakirələr təşkil olunacaq.
Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fǝrzǝliyev sərginin qeyri-adiliyindən söz açdı: “Bizim muzeydə bu cür sərgi ilk dəfə təqdim olunur. Sərgidə insanın zövqü, təbiətə vurğunluğu, gözəlliyə aşiqliyi öz əksini tapıb”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli hidrometeorologiya departamentinin rəhbəri Umayra Tağıyeva vurğuladı ki, iqlim dəyişikliyi bütün bəşəriyyəti narahat edən qlobal problemlərdən biridir: “Biz artan təhlükələri atmosfer hadisələrindən müşahidə edə bilirik. Bu problemi aradan qaldırmaq üçün mühüm addımlar atılmalıdır. Atmosferə olan təsirlər, tullantılar əhəmiyyətli dərəcədə azaldılmalıdır ki, gələcəkdə insanlar təhlükəli fəsadlarla qarşılaşmasın. Ölkəmiz müxtəlif sahələr üzrə bu məsələnin həlli üçün səylər göstərir. Eyni zamanda dövlət tərəfindən qəbul olunan strateji sənədlər bir daha onu göstərir ki, Azərbaycan yaşıl inkişaf istiqamətini seçib...”.
Pakistanın Bakıdakı səfiri Bilal Haye ölkəsinin karbon emissiyalarının havaya atılması ilə bağlı fəal mübarizə apardığını dedi: “Biz bu istiqamətdə bir çox işlər görsək də, Pakistan iqlim dəyişikliyinə ən həssas olan ilk 10 ölkə arasında yer alır. Son bir neçə həftə ərzində ölkəmizin tarixində görünməmiş sellər, daşqınlar yaşandı, 1500-dən çox insan həlak oldu. Bu vəziyyətin qarşısının alınması üçün təkcə milli səviyyədə deyil, qlobal miqyasda da səylər göstərilməlidir”.
UNICEF-in Azǝrbaycandakı nümayǝndǝsi Aleks Haykens bu cür sərgilərin mütəmadi olaraq keçirilməli olduğunu dedi. Söylədi ki, bir neçə il əvvəl UNICEF-in qərargahında (Nyu-York) cizgi filmləri yaradıcıları ilə əməkdaşlığa başlanılıb: “Bunun da məqsədi iqlim dəyişikliyi mövzusu ilə bağlı uşaqlar arasında maarifləndirmə işlərinin genişləndirilməsi idi. Nəticədə bu sərgidə nümayiş etdirilən qırmızı hippopotamın baş qəhrəmanı olduğu bir cizgi filmi hazırlandı. İqlim dəyişikliyi ilə mübarizə sahəsində çox işlər görülməlidir. Bu baxımdan biz Azərbaycan və digər ölkələrlə bir çox layihələr həyata keçiririk”.
Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış oldular.
Bildirək ki, oktyabrın 16-dək açıq olacaq sərgi 2030-cu ilə qədər davam edəcək BMT-nin Ekosistemin Bərpası üzrə Onillik Proqramı çərçivəsində təşkil olunub.
N.Məmmədli