Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

470 il əvvəl...

2 oktyabr 1552-ci ildə Çar İvan (IV) Qroznının qoşunları bir neçə ay mühasirədə saxladığı Kazan şəhərinə daxil olublar. Şəhərin süqutu ilə Kazan xanlığının (indiki Tatarıstan və Volqaboyu ərazilər) Rusiya dövlətinə birləşdirilməsi başa çatdı.

 

216 il əvvəl...

3 oktyabr 1806-cı ildə Birinci Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Bakını işğal ediblər. Rusiya qoşunları hələ 1806-cı ilin fevralında Bakını mühasirəyə almışdı. O zaman general Pavel Sisianov şəhərin təslim edilməsi ilə bağlı Bakı hakimi Hüseynqulu xanla danışıqlar aparan zaman öldürülmüş və bundan sonra ruslar geri dönmüşdü. Yeni hücumla Bakını ələ keçirən rus qoşunları şəhərdə böyük qırğın və talan törətmişdi. İşğaldan sonra Bakı xanlığı ləğv olundu və xanlığın ərazisində çar Rusiyası Qafqaz hakimliyinin Bakı dairəsi yaradıldı.

 

195 il əvvəl...

1 oktyabr 1827-ci ildə Rusiya qoşunları İranla müharibə (1826-1828) gedişində İrəvan qalasını ələ keçiriblər. General İvan Paskeviçin komandanlıq etdiyi qoşunlar bundan öncə (20 sentyabr) bölgədəki əsas strateji məntəqə olan Sərdarabad qalasını işğal edəndən İrəvanın müdafiə imkanları zəifləmişdi. İrəvanın işğal olunmasında erməni əhalisi, Eçmiədzin kilsəsi ruslara hər cür yardım göstərmişdi.

 

104 il əvvəl...

1 oktyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

 

95 il əvvəl...

1 oktyabr 1927-ci ildə SSRİ ilə İran arasında “Qarşılıqlı təminatlar və neytrallıq haqqında” saziş imzalanıb. Sazişdə iki ölkənin Xəzərdəki sərhədi də müəyyənləşmişdi, sərhəd Astara (Azərbaycan) – Həsənqulu (Türkmənistan) xətti üzrə keçirdi.

 

73 il əvvəl...

1 oktyabr 1949-cu ildə Çin Xalq Respublikasının yarandığı elan edilib. Çin kommunistlərinin lideri Mao Tszedun (Zedong, Tse-tung) dövlətin rəhbəri olub. 1840-cı illərdə qismən Britaniya imperiyasının təsiri altına düşən Çində 1927-ci ildə Sun Yatsenin başçılığı ilə inqilab qələbə çalmışdı. Lakin bundan sonra hakimiyyətə gələn general Çan Kayşi diktatura rejimi qurdu və ölkənin əsas hissəsini müttəfiqi olduğu Yaponiyanın təsiri altına saldı. II Dünya müharibəsindən sonra Çində xalq inqilabı başlandı və ÇXR elan edildi.

 

64 il əvvəl...

2 oktyabr 1958-ci ildə Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Qvineya müstəqilliyini elan edib.

 

62 il əvvəl...

1 oktyabr 1960-cı ildə Britaniyanın protektoratlığında olan Nigeriya müstəqilliyini elan edib. Afrikanın ən böyük ölkələrindən olan Nigeriya 1914-cü ildən Britaniyanın nəzarətinə keçmişdi.

 

32 il əvvəl...

3 oktyabr 1990-cı ildə Qərbi və Şərqi Almaniya (ADR və AFR) birləşərək vahid dövlət olub. II Dünya müharibəsindən sonra SSRİ, ABŞ, Britaniya, Fransa arasında sektorlara bölünən Almaniya ərazisində 1949-cu ildə Almaniya Demokratik Respublikası (sovet sektorunda, 108 min kv km) və Almaniya Federativ Respublikası (Qərb sektorunda, 255 min kv km) yaranmışdı.

 

30 il əvvəl...

1 oktyabr 1992-ci ildə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycan Respublikasının nümayəndəliyi açılıb. Bunadək Azərbaycanın BMT-dəki nümayəndəliyi Türkiyənin təşkilatdakı nümayəndəliyində yerləşirdi.

 

29 il əvvəl...

3 oktyabr 1993-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. 1993-cü il iyunun 24-də Milli Məclis tərəfindən Əbülfəz Elçibəyin prezident səlahiyyətlərindən məhrum edilməsi və avqustun 29-da bununla bağlı referendum keçirilməsindən sonra növbədənkənar seçkilər elan edilmişdi. Rəsmi nəticələrə görə, seçkidə iştirak edənlərin 98,8 faizinin səsini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

 

27 il əvvəl...

2 oktyabr 1995-ci ildə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlər yaradılıb. 1992-1993-cü illərdə Xalq Cəbhəsi hakimiyyəti dövründə Özbəkistanla münasibətlərdə soyuqluğun yaranması iki ölkənin diplomatik əlaqələr qurmasını xeyli ləngitmişdi.

Hazırladı: V.Orxan