Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş təqdimat

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda məşhur macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş bədii-musiqili gecə, eləcə də ədibin Fond tərəfindən Azərbaycan dilində çap olunan “Çiçəklərin nəfəsi” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Sentyabrın 27-də keçirilən tədbirin rəsmi hissəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, təşkilatın müşahidəçi ölkəsi olan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma və Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovari çıxış ediblər.

Günay Əfəndiyeva qədim Hun-Türk tarixindən söz açaraq bildirib ki, Macarıstan Qərbi Hun İmperiyasının mərkəzi olub. Müasir macar xalqı isə həm də Atillanın nəsli, onun varisləridir: “Beləliklə, əsrlər boyu macar və türk xalqlarının bir-birinə bəslədiyi münasibət dostluqdan daha artıq bir səviyyədə olub. Çünki xalqlarımız arasındakı doğmalıq ortaq keçmişə, mənşəyə, dilə və mədəniyyətə söykənir”.

Fondun Türk dünyasının qədim maddi-mənəvi dəyərlərini öyrənilməsi və təbliği istiqamətində fəaliyyətindən danışan Günay Əfəndiyeva bildirib ki, müşahidəçi ölkə Macarıstanın mədəniyyəti də qurumun diqqət mərkəzindədir. Təşkilatın növbəti layihəsi macar xalqının böyük şairi Mikloş Radnotinin (1909-1944) Azərbaycan dilinə tərcümə olunan şeirlərindən ibarət kitabının nəşr edilməsidir. Kitabın macar ədəbiyyatının Azərbaycan oxucularına tanıdılmasına daha bir töhfə olacağını bildirən Günay Əfəndiyeva deyib: “Radnotinin ədəbi irsində parlaq istedadı ilə yanaşı, həm də cəsarətli xarakteri aydın nəzərə çarpır. O, əsl xalq şairi idi. Faşizmin macar xalqına qarşı törətdiyi vəhşiliklərlə bağlı vətəndaş mövqeyini bildirir və bu barışmazlığı yüksək poetik dillə qələmə alırdı...”.

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma şairin keşməkeşli həyatından söhbət açıb. Bildirib ki, Mikloş Radnotinin yaradıcılığı Macarıstanın ən çətin dönəminə təsadüf edib. II Dünya müharibəsi qurbanlarından olan şair həyatını macar xalqına həsr edib, şeirlərilə insanlarda vətənə sevgi aşılayıb. Səfir “Çiçəklərin nəfəsi” kitabının nəşrinə görə Günay Əfəndiyevaya təşəkkürünü bildirib.

Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovari də Mikloş Radnotinin II Dünya müharibəsi dövründə faciəvi hadisələrin qurbanlarından biri olduğunu qeyd edib, həmçinin 1926-cı ildə Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayda iştirak edən Türk dünyasının dəyərli alimlərinin, türkoloqlarının acı taleyindən də söz açıb. O, Azərbaycanın iki il öncə qazandığı Qarabağ Zəfərindən də bəhs edərək ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin ruhlarını yad edib.

Tədbirin bədii hissəsində Əməkdar artist Sahib Paşazadə tarda macar musiqiləriini ifa edib. Sonra Əməkdar artist Nicat Kazımovun quruluşunda Mikloş Radnotinin əsərlərindən ibarət müharibə qurbanlarına həsr olunmuş bədii kompozisiya təqdim olunub.