27 Sentyabr – Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının təqdimatında Əməkdar artist Bəhruz Vaqifoğlunun “Sən qayıdacaqsan” pyesi əsasında eyniadlı tamaşa nümayiş olunub.
DTX-nin mətbuat xidmətindən bildirilib ki, tarix boyu Azərbaycan xalqına qarşı xüsusi amansızlıq və qəddarlıqla törədilən kütləvi qırğınlardan, müharibələrdə yaxınlarını itirən insanların acı taleyindən bəhs edən tamaşanı Vətən müharibəsi iştirakçıları, DTX-nin əməkdaşları və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri izləyiblər.
Tamaşanın qəhrəmanları müharibənin özünü və sonrakı fəsadlarını yaşayan insanlardır. Hər bir qəhrəman hər gün eyni vaxtda qatar yoluna tələsir, eyni vaxtda qatar yolunda müharibədə itirdiklərinin yolunu gözləyir. Əsərin sonunda qəhrəmanların həsrətinə son qoyulur.
Bəhruz Vaqifoğlunun quruluş verdiyi tamaşada Əməkdar artistlər Hüsniyyə Mürvətova, Rafiq İbrahimov, eləcə də Mehman Abdullayev, Zülfiyyə Qurbanova, Toğrul Rza, Zülfiyyə Məmmədova, Elçin Muradov, Ülviyyə Rza, Fateh Muradov, Əzizə Həşimova rol alıblar.