Muzeylərdə Anım Günü münasibətilə tədbirlər keçirilib

 

27 Sentyabr – Anım Günü ölkəmizdə böyük hüzn və qürur hissi ilə qeyd olundu. Paytaxtda fəaliyyət göstərən muzey müəssisələrində keçirilən tədbirlərdə də Vətən uğrunda canını fəda edən igid oğulların xatirəsi anılıb, tarixi Zəfərimizin əhəmiyyəti vurğulanıb.

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə ötən ildən etibarən davam edən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində Anım Gününə həsr olunmuş “Tarix yazaraq tarixə yazılanlar” adlı tədbir-sərgi keçirilib.

Tədbir iştirakçıları çıxış edərək 2020-ci il sentyabrın 27-də Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması ilə Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarının qarşısını almaq üçün başlatdığı əks-həmlə əməliyyatlarından və düşmən üzərində tarixi Qələbə qazanmağımızdan bəhs ediblər.

Sonda tədbir iştirakçıları Vətən müharibəsi şəhidləri – baş leytenant Həsənağa Abdullazadə, Cəmil Nəcəfov, gizir Rüfət Məmmədli, kiçik gizir Şahmar Mənəfov, əsgərlər Rəşad Ağayev, Mirağa Əliyev, Babək Mahmudlu, Pəhliyə Qəribova məxsus muzeyin fondlarında qorunub saxlanılan 90-a yaxın şəxsi əşyanın yer aldığı sərgi ilə tanış olublar.

“Tarix yazaraq tarixə yazılanlar” sərgisi oktyabrın 3-dək davam edəcək.

***

Abdulla Şaiqin Mənzil-Muzeyində Anım Günü münasibətilə “Zəfərə aparan yol” adlı tədbir və yazıçı-jurnalist Tamilla Teymurqızının “Ruhum qaldı Qarabağda” kitabının təqdimat mərasimi keçirilib.

Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mənzil-muzeyin direktoru Ülkər Talıbzadə, Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin direktoru Yeganə Qasımlı, Nəriman Nərimanovun Xatirə Muzeyinin əməkdaşları, təqdimatı keçirilən kitabın müəllifi Tamilla Teymurqızı, şəhid ailəsi Çimnaz Hüseynova və başqalarının çıxışları dinlənilib. Bildirilib ki, 44 gün davam edən müharibə Azərbaycan Ordusunun parlaq Qələbəsi ilə nəticələndi. Hər qarışında şəhid qanı axan torpaqlarımız Azərbaycan xalqının igid oğullarının qanları bahasına işğaldan azad edildi. Vətən yolunda şəhadətə yüksələn heç bir şəhidimizin qanı yerdə qalmadı. Düşmənə döyüş meydanında divan tutuldu.

Tədbirdə Xətai rayonu 58 saylı tam orta məktəbin şagirdləri vətənsevərlik ruhlu şeirlər səsləndiriblər. Kanadadan gəlmiş həmyerlimiz Sevinc xanımın qızı balaca Ayla Abbas Səhhətin “Vətən” şeirini söyləyib. Sonda şəhidlərin əziz xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

***

Səməd Vurğunun Ev-Muzeyində Vaqif Səmədoğlu Mərkəzinin birgə təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsi” adlı tədbir keçirilib. “AYTAM” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi və Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx və qəhrəmanların fotoları nümayiş etdirilib.

Səməd Vurğunun Ev-Muzeyinin rəhbəri Nüşabə Babayeva-Vəkilova tədbiri açaraq Azərbaycan Ordusunun qazandığı böyük Qələbənin əhəmiyyətindən, hərbçilərimizin şücaətindən danışıb. Qeyd edib ki, bu tədbirin əsas məqsədlərindən biri qəhrəman əsgərlərimizin Vətənə olan sevgisini gənc nəslə aşılamaqdır. Muzeyin böyük elmi işçisi Səidə Abdullayeva bildirib ki, minlərlə igid əsgər və zabitimizin qanı və canı hesabına torpaqlarımız düşməndən azad olunub. “AYTAM” İctimai Birliyinin rəhbəri Aygün Zamanova şanlı Zəfərə gedən yolda misilsiz şücaət göstərən hərbçilərimizdən bəhs edib.

45 nömrəli məktəbin şagirdlərindən Türkan Nəcəfova “Ağlama, şəhid anası” və özünün yazdığı “Can Şuşam”, Nihad Şafahatov Xalq şairi Zəlimxan Yaqubun “Ordum varsa, yurdum var” və tədbir iştirakçıları birgə Səməd Vurğunun “Azərbaycan” şeirlərini səsləndiriblər.

Sonda şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar, xatirə şəkilləri çəkdirilib.

***

Bülbülün Memorial Muzeyində dahi müğənninin adını daşıyan Orta İxtisas Musiqi Məktəbi ilə Anım Gününə həsr olunan tədbir keçirilib.

Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən muzeyin direktoru Fərqanə Cabbarova 44 günlük Vətən müharibəsi barədə söz açıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz şücaət göstərib, işğalçı düşmən üzərində parlaq Qələbə çalıb.

Tədbir Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin ifaları ilə davam edib.

***

Hüseyn Cavidin Ev-Muzeyində də Anım Günü Münasibətilə tədbir təşkil olunub.  “Şəhidlərin əziz xatirəsi ürəklərdə yaşayır” adlı tədbirdə Vətən fədailərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin baş direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncamının əhəmiyyətindən danışıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqlar tariximizə əbədi yazılıb. Xalqımız bu şanlı tarixlə daim qürur duyacaq.

Sonda muzey tərəfindən hazırlanmış “44 günün qəhrəmanları” mövzusunda sərgi təqdim olunub.

***

Anım Günü ilə əlaqədar L.və M.Rostropoviçlərin Ev-Muzeyində “Qəhrəmanımızı tanı!” adlı tədbir keçirilib.

Muzeyin qarşısında Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən Hərbi Hava Qüvvələri orkestrinin ifasında Azərbaycannın Dövlət Himni, “Qələbə”  marşı, Vətən müharibəsi qazisi, muzeyin əməkdaşı, bəstəkar Vüqar Məmmədzadənin “Zəfər” marşı səsləndirilib.

Sonda muzeydə Anım Günü tədbirində istedadlı musiqiçi, tuba ifaçısı, şəhid Tamerlan Mahmudov haqqında qısa film, çıxış etdiyi konsertlərdən videokadrlar nümayiş olunub. Tədbirdə həmçinin Prezident təqaüdçüsü, bəstəkar, qazi Vüqar Məmmədzadəyə həsr olunmuş “Bir addım da olsa...” filmi göstərilib.