Xalq artisti Fikrət Verdiyevin 75 illiyi qeyd olundu

 

Bu il tanınmış tarzən, Xalq artisti, Prezident təqaüdçüsü Fikrət Verdiyevin 75 illik yubileyidir. Sentyabrın 28-də Heydər Əliyev Sarayında sənətkarın yaradıcılıq gecəsi keçirildi.

Tədbirdə tanınmış ictimai xadimlər, incəsənət nümayəndələri, Fikrət Verdiyev sənətini sevənlər iştirak edirdi.

Yaradıcılıq gecəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbirin aparıcısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Fikrət Verdiyevi səhnəyə dəvət etdi. Tamaşaçılar tarzəni gurultulu alqışlarla qarşıladılar.

Sənətkarın yaradıcılıq yolundan söz açan aparıcı yubilyarı gözəl solo ifaçı və müşayiətçi olmaqla yanaşı, həm də musiqi təşkilatçısı kimi xarakterizə etdi. Bildirdi ki, Fikrət Verdiyev hələ tələbəlik illərində “Göygöl” Xalq Çalğı Alətləri Ansamblını yaradıb. Sonradan bu ansambl böyük şöhrət qazanaraq xaricdə də tanınıb, fəxri fərman və mükafatlarla təltif olunub. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər. Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiəti ilə yaddaşlardan silinməyən konsertlər verib.

Sonra Xalq artistinin həyat və yaradıcılıq anlarını əks etdirən videoçarx nümayiş olundu. Videokadrlarda vaxtilə Fikrət Verdiyevin müşayiəti ilə Azərbaycanın korifey sənətkarlarının ifa və çıxışları əks olunmuşdu. Onların hər birinin görüntüsü zalın alqışı ilə qarşılanırdı. Unudulmaz muğam ustadları Ağaxan Abdullayev, İslam Rzayev və Arif Babayevin ifaları, səhnə korifeyləri Nəsibə Zeynalova, Hacıbaba Bağırovun tarzən haqqında vaxtilə səsləndirdikləri təbrik və fikirlərini tamaşaçıların gur alqışlarla qarşılaması əsl sənətkarların hər zaman qəlblərdə yaşadığına işarə idi...

Gecə boyunca Gülhüseyn Kazımlı sənətkarın səmərəli fəaliyyətindən bəhs etdi. Onun həm Bakıda, həm də Gəncədə sənət adına diqqətəlayiq işlər gördüyünü söylədi. O, yubilyardan bu işlərin öhdəsindən necə gəldiyini xəbər aldı: axı, Gəncədə “Göygöl” ansamblı fəaliyyət göstərirdi, Fikrət Verdiyev isə Bakıda başqa kollektivlərlə işləyirdi... Fikrət Verdiyev bu suala “Əgər sevdiyin işlə məşğul olursansa, bu heç vaxt çətin deyil” cavabını verdi. 

Yubiley tədbiri tanınmış ifaçıların çıxışları ilə davam etdi. Müğənniləri Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı müşayiət edirdi.

Xalq artisti Mələkxanım Əyyubova, Əməkdar artist Sevinc Sarıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, ifaçılar Rövşən Məmmədov, Anar Quliyev, Samir Məmmədov, Kamilə Nəbiyeva və başqaları öz ifaları ilə yubilyarı və tamaşaçıları sevindirdilər. Xalq mahnıları və muğamlarımız, bəstəkar mahnılarının ifa olunduğu unudulmaz gecədə ansambl və ifaçılar öz çıxışları ilə musiqi mədəniyyətimizin zənginliyini və gözəlliyini, ahəngini tamaşaçılara çatdırdılar.

Gecənin daha bir musiqili qonağı isə Xalq artisti Ənvər Sadıqovun “Qaytağı” ansamblı idi. Ansambl öz repertuarından rəngarəng milli musiqilərlə yubilyarı təbrik etdi.

Qəlboxşayan çıxışlarla davam edən yaradıcılıq gecəsi tarzənin 75 illiyinə töhfə olmaqla yanaşı, zəngin milli musiqimizin təbliğinə əmək sərf edən sənətkarlara diqqətin nümunəsi idi.

Qeyd edək ki, Fikrət Verdiyev 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. “Göygöl” ansamblının yaradıcısı olan tarzən səmərəli fəaliyyəti ilə 1977-ci ildə ansambla “Dövlət Mahnı və Rəqs Ansamblı” statusunun verilməsinə nail olub.  2001-ci ildə Fikrət Verdiyev “Neftçi” mahnı və rəqs ansamblını yaradıb, kollektiv Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcəti, Samir Cəfərov, Feyruz Səxavət, Sabir Abdullayev, Teyyub Aslanov kimi tanınmış ifaçılarla birgə çıxış edib.

Lalə Azəri