Dövlət Yuğ Teatrı yeni mövsümə premyera ilə başlayıb. Oktyabrın 2-də “Şəbədə” tamaşasının ilk nümayişi olub.
Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir.
Janr baxımından “mərhəmətsizlik aktı” kimi təyin edilən “Şəbədə”də Xalq artisti Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Elgün Həmidov, Vüqar Hacıyev, Amid Qasımov, Ziya Ağa, Elçin Əmirov, Mətanət Abbas, Ləman Mərrih və Günəş Mehdizadə çıxış edirlər.
“Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz!” ideyalı səhnə işi xurafat və geriliyin bütün zaman və məkanlarda istənilən dəyərə zərbə olduğuna da işarə edir.