Vasif Adıgözəlovun operası Xan qızının 190 illiyi münasibətilə nümayiş olunub

 

“Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq sərəncamının icrası ilə bağlı Tədbirlər planına əsasən, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun “Natəvan” operası yenidən səhnəyə qayıdıb.

Tamaşa oktyabrın 2-də, Xurşidbanu Natəvanın (1832-1897) anım günündə Akademik Opera və Balet Teatrında nümayiş olunub. Natəvan partiyasını Böyük Britaniya Kral Musiqi Akademiyasının məzunu, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Selcan Nəsibli ifa edib. Tamaşada teatrın təcrübəli solistləri (Azər Zeynalov – Xasay bəy, Cahangir Qurbanov – Xasay bəyin əmisi, Tural Ağasıyev – Qarapaltarlı, Təyyar Bayramov – Xanəndə) ilə yanaşı, gənc vokalçılar da yer alıblar. Taleh Yahyayev Qasım bəy Zakir, Mahir Tağızadə Aleksandr Düma, Fəhmin Əhmədli Hacı Abbas Agah, Rəvanə Əmiraslanlı Xanəndə qız partiyalarında çıxış ediblər.

Opera tamaşası ilk dəfə 2003-cü ildə Azərbaycan və Özbəkistanın Xalq artisti, rejissor Firudin Səfərov tərəfindən səhnəyə qoyulub. Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, səhnə tərtibatçısı Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, rəqslərin quruluşçusu Xalq artisti Tamilla Şirəliyeva, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Bir neçə il ərzində səhnədə olmayan operanı bu dəfə Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev təqdim edib.

Səhnə əsərində Xan qızının həyat və yaradıcılığı ilə bərabər, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə də yer verilib və bu günümüzlə səsləşən mövzuya toxunulub.