Masallı şəhərində yerləşən XIX əsrə aid hamam ərazisində “Abidələrimizi qoruyaq” devizi altında iməcilik keçirilib. Aksiyada Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və mərkəzin kollektivi, Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov, həmçinin rayondakı mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində “Bölgə eksperimental teatr” truppasının “Həyat tablosu” tamaşası nümayiş etdirilib. Nümayişdən sonra Mədəniyyət Mərkəzi solistlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

***

Ağdaş RMİ Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında ümummilli lider Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar “Tarix yaradan insan” başlıqlı tədbir keçirilib. Tədbirdə ulu öndərin Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna xidmətlərindən bəhs olunub. 

***

Kürdəmir RMİ İmişli rayon Mərkəzi Kitabxanasında yazıçı-hüquqşünas, detektiv hekayə və romanlar müəllifi Əlisəfa Azayevlə görüş keçirilib. “Məni eldən soruşun” adlı tədbirdə rayon ziyalıları, yazarlar, fəal oxucular, məktəblilər, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

***

Gəncə RMİ Gəncə şəhər Mədəniyyət Mərkəzində “Bu günün və gələcəyin şairi Nizami Gəncəvi...” adlı tədbir keçirilib. Tədbirdə mərkəzin kurs tələbələri Nizami Gəncəvinin şeirlərindən parçalar söyləyib, dahi şairin qəzəllərinə yazılmış mahnıları səsləndiriblər. Sonda Nizaminin əsərlərinə çəkilmiş rəsmlərdən ibarət sərgi nümayiş etdirilib.

***

Şəki RMİ Oğuz rayon Mərkəzi Kitabxanasının əməkdaşları şəhər H.Babayev adına 1 saylı tam orta məktəbin 9-cu sinfində “Gəncə terroru” mövzusunda informasiya saatı keçiriblər.

***

Ağstafa RMİ Ağstafa şəhər H.Arif adına Uşaq musiqi məktəbində “Yol hərəkəti qaydalarına riayət edək” başlıqlı tədbir keçirilib. DYP-nin əməkdaşı Elvin Aydınov şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verib. Məktəbin direktoru Arif Əliyev yol hərəkəti qaydalarının pozulması səbəbindən baş verə biləcək bədbəxt hadisənin önlənməsi üçün belə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

***

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Zəfərin ilk müjdəçisi – Cəbrayıl” adlı tədbir keçirilib. Tədbirdə “Ruhumuzun qələbəsi naminə” adlı sərgi nümayiş olunub.

Hazırladı: N.Məmmədli