Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

210 il əvvəl...

10 oktyabr 1812-ci ildə Birinci Rusiya-İran müharibəsinin (1894-1813) yekunlarına əhəmiyyətli təsir edən Aslandüz döyüşü baş verib. Döyüşdə qalib gələn ruslar Talış (Lənkəran) xanlığı ərazisinin böyük hissəsini işğal ediblər. Həmin ilin dekabrında Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan faktiki olaraq rusların nəzarətinə keçdi.

 

110 il əvvəl...

9 oktyabr 1912-ci ildə “Balkan ittifaqı”nda birləşən ölkələrin (Bolqarıstan, Yunanıstan, Serbiya, Çernoqoriya) Osmanlı imperiyasına qarşı müharibəsi başlayıb. Bir neçə əsr Osmanlının tərkibində olan bu ölkələr 1877-1878-ci illərin Balkan müharibəsi nəticəsində nisbi müstəqillik əldə etmişdi. Osmanlı müharibədə məğlub oldu və 1913-cü il mayın 30-da Londonda imzalanan sülh sazişinə görə,  Avropa qitəsindəki bütün ərazilərini itirdi.

 

82 il əvvəl...

8 oktyabr 1940-cı ildə Hitlerin Avropada işğal yürüşü davam edib. Almaniya qoşunları Rumıniyanı işğal edib, Rumıniya kralı ölkədən qaçıb.

 

73 il əvvəl...

7 oktyabr 1949-cu ildə SSRİ-nin nəzarətində olan Şərqi Almaniyada müstəqil dövlətin – Almaniya Demokratik Respublikasının yarandığı elan edilib. Bundan öncə (23 sentyabr 1949-cu il) Qərb müttəfiqlərinin (ABŞ, Britaniya və Fransa) sektorunda Almaniya Federativ Respublikası yaranmışdı.

 

60 il əvvəl...

9 oktyabr 1962-ci ildə Britaniyanın Şərqi Afrikadakı protektoratı olan Uqanda müstəqilliyini elan edib.

 

54 il əvvəl...

10 oktyabr 1968-ci ildə İspaniyanın Mərkəzi Afrikadakı müstəmləkəsi olan Qvineya müstəqilliyini (Ekvatorial Qvineya Respublikası) elan edib.

 

31 il əvvəl...

9 oktyabr 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında “Azərbaycan Respublikanın milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul edilib. 1998-ci ilədək 9 oktyabr Azərbaycanda Milli Ordu günü kimi qeyd olunurdu. Həmin il Prezident Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyəti ordusunun yaranma tarixi (26 iyun 1918-ci il) Silahlı Qüvvələr Günü kimi elan edildi.

 

30 il əvvəl...

9 oktyabr 1992-ci ildə Bakıda, “Azadlıq” meydanında Azərbaycan Milli Ordusunun ilk hərbi paradı keçirilib.

 

28 il əvvəl...

7 oktyabr 1994-cü ildə Prezident Heydər Əliyev fərmanı ilə Surət Hüseynov Baş nazir vəzifəsindən azad edilib, Nazirlər Kabinetinə rəhbərlik Baş nazirin müavini Fuad Quliyevə həvalə olunub. Dövlət çevrilişi cəhdində (3-4 oktyabr) iştirakda günahlandırılan S.Hüseynov bir gün öncə Milli Məclisin üzvlüyündən də azad edilmişdi. Ölkəni tərk edərək Rusiyaya gedən S.Hüseynov 1996-cı ildə orada həbs edilərək Azərbaycana gətirildi. 2004-cü ildə Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olundu.

 

25 il əvvəl...

9 oktyabr 1997-ci ildə Strasburqda Avropa Şurasının zirvə toplantısı çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü keçirilib. Görüşdə regional təhlükəsizlik və əməkdaşlıq sahəsində yeni məşvərətçi formatın – GUAM qrupunun yaradılması qərara alınıb.

10 oktyabr 1997-ci ildə Strasburqda Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında görüşdən sonra iki lider bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT Minsk qrupu həmsədrlərinin  “mərhələli həll” planını qəbul etdiklərini bildiriblər. Bundan sonra Ermənistanda Ter-Petrosyan əleyhinə çıxışlar başladı və o, 1998-ci ilin yanvarında istefa verdi.

 

21 il əvvəl...

7 oktyabr 2001-ci ildə Birləşmiş Ştatlar 11 sentyabr terroruna cavab olaraq Əfqanıstanda antiterror əməliyyatına başlayıb. ABŞ-ın əksər müttəfiqlərinin iştirak etdiyi “Əyilməz azadlıq” adlı əməliyyat 2002-ci ilin yanvarında Əfqanıstanın “Taliban” rejiminin süqutu ilə başa çatdı. 2021-ci ildə amerikalılar Əfqanıstanı tərk etdikdən sonra “Taliban” yenidən hakimiyyətə qayıtdı.

Hazırladı: V.Orxan