Qazaxıstanın Türküstan vilayətində “Azərbaycan dili, mədəniyyəti və adət-ənənələri” mövzusunda tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə Türküstanın Sayram rayonunun Karasu kəndində baş tutan tədbirdə yerli hakimiyyət orqanlarının, Qazaxıstan Xalq Assambleyasının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Birliyin sədri Ramilə Mustafayeva qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız milli kimliyi, doğma dili, Azərbaycanın zəngin mədəni irsi ilə qürur duyur və bu xəzinəni yaşadıqları ölkələrdə həvəslə təbliğ edirlər. Tədbirdə Azərbaycanın adət-ənənələrini əks etdirən mərasimlər, xalq mahnıları və milli rəqslərimizdən ibarət bədii proqram təqdim olunub.