“Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursada beynəlxalq simpozium

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı ilə 5-ci Etno-moda həftəsi çərçivəsində Bursada “Türk dünyasında qadın və moda” beynəlxalq simpoziumu keçirilib.

Bursa Böyükşəhər Bələdiyyəsi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), TÜRKSOY, Başkent Universiteti və Bursa Uludağ Universitetinin dəstəyi ilə təşkil edilən simpoziumun açılışı oktyabrın 5-də Tayyare Mədəniyyət Mərkəzində olub.

Bursa Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Halide Serpil Şahin 2022-ci ilin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” kimi daha bir beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib.

TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı da simpoziumun önəmindən bəhs edib: “Ortaq türk mədəniyyətini təbliğ etmək üçün bir araya gəldik. Qədim türk ənənəsinə görə qadınlarımız türk cəmiyyətlərində çox mühüm yer tutur. Mədəniyyətimizin heç bir mərhələsində qadın kişilərlə müqayisədə zəif məxluq kimi görünməmiş, əksinə, qadın və kişi bir-birinin həyat və mübarizə yoldaşı olmuşlar. Tarix boyu qadınlarımız ehtiyac olan anlarda öz fədakarlıqları və dəyanətləri ilə bunu dəfələrlə sübut etmişlər... Türklər tarix boyu geniş coğrafiyalarda hökm sürmüşlər. Bu gün biz bəşəriyyətin ortaq dili olan dəb vasitəsilə həm Türk dünyasına, həm də bütün dünyaya bənzərsiz türk mədəniyyətinin zənginliyini elan etmək istəyirik”.

Açılış mərasimindən sonra türk respublikalarından tədbirə qatılan modelyer və rəssamlar foyedə əl işləri sərgisini ziyarət ediblər.

Sessiyalarla davam edən tədbir oktyabrın 6-da axşam Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzində “Türk dünyasında qadın və moda nümayişi” ilə yekunlaşıb.

Mehparə Sultanova
Ankara