Moskvada Azərbaycan heykəltəraşlarının 1940-1950-ci illərə aid işlərinin sərgisi

 

Moskvadakı Dövlət Şərq Muzeyində Heydər Əliyev Fondunun dəstəyi ilə “Sosialist realizmini xatırlayarkən. Azərbaycan. 1940-1950-ci illərin dəzgah heykəltəraşlığı” adlı sərgi açılıb.

Sərgidə Azərbaycanın məşhur heykəltəraşlarının Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş əsərləri nümayiş etdirilir. Ekspozisiyaya Azərbaycanın Xalq rəssamları Cəlal Qaryağdı, Fuad Əbdürrəhmanov və Pinxos Sabsayin, SSRİ Rəssamlar İttifaqının üzvü Elcan Şamilovun, Hüseyn Əhmədovun işləri daxil edilib.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova sərginin açılışında çıxış edib. Bildirib ki, layihə Şərq Muzeyi ilə Heydər Əliyev Fondu arasında səmərəli əməkdaşlığın daha bir nümunəsidir: “Doğru deyirlər ki, incəsənət dünya siyasətində yumşaq qüvvədir. İncəsənətin sayəsində xalqlar bir-birinə yaxınlaşır, bir-birini anlayır. Heydər Əliyev Fondu da incəsənətin yaradıcı qüvvəsini anlayaraq həm Azərbaycanın, həm də başqa ölkələrin milli sərvətlərinin qorunub saxlanılması üzrə çox böyük iş aparır. Fikrimcə, bu sərgi bizim birgə təşəbbüslərimiz silsiləsində sonuncu layihə olmayacaq. Belə tədbirlər Rusiya ilə Azərbaycan arasında dostluq, mehriban qonşuluq münasibətlərinin tərkib hissəsidir...”.

T.Əhmədova sosialist realizminə milli kolorit gətirmiş Azərbaycan heykəltəraşları, fırça və tişə ustaları barədə məlumat verib. Qeyd edib ki, belə sənətkarların əsərləri artıq klassikaya çevrilib.

Şərq Muzeyinin direktoru Aleksandr Sedov bildirib ki, bu sərgini Azərbaycan Milli Xalça Muzeyi ilə birgə keçirilən “Sovet Azərbaycanın əks-sədası. Xalça. Tikmə. Plakatlar” sərgisinin davamı hesab etmək olar. O deyib: “Biz öz saxlanclarımızda məşhur Azərbaycan heykəltəraşlarının gözəl işlərini tapdıq. Bu işlər muzeyin kolleksiyasına 1950-1960-cı illərdə daxil olub. İncəsənət əbədidir, sosialist realizmi incəsənəti də maraqlıdır”.

Muzeyin direktoru Azərbaycanın klassik dəzgah heykəltəraşlığı sənəti nümunələrinin bərpasında iştiraka görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Azərbaycanın Rusiyadakı Səfirliyinin müşaviri Zaur Paşayev də sərginin əhəmiyyətindən söz açıb və tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun təbriklərini çatdırıb.

Şərq Muzeyinin Elmi bərpa şöbəsi müdirinin müavini Olqa Myaqkova eksponatların bərpası prosesi barədə məlumat verib.

Oktyabrın 30-dək davam edəcək sərginin eksponatları daha sonra Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda nümayiş etdiriləcək.