Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İsrailin ölkəmizdəki səfirinin müavini Doron Peer ilə görüş keçirilib. Bu barədə ATMU-dan məlumat verilib. Söhbət zamanı bildirilib ki, 2008-ci ildən bu günədək ATMU-nun xeyli sayda tələbəsi İsrailin turizm sənayesi müəssisələrində peşəkar vərdişlərə yiyələniblər. Hazırda universitet məzunları təkcə ölkəmizin deyil, dünyanın bir sıra hotellərində məsul vəzifələrdə çalışırlar.
ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Karyera və kommunikasiya şöbəsinin rəhbəri Səidə Məmmədovanın iştirak etdiyi görüşdə universitetin cari tədris ilində də tələbələr üçün İsraildə istehsalat təcrübəsinin təşkil olduğu vurğulanıb. ATMU və İsrailin turizm təhsili verən ali təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq imkanlarının hədəfləri nəzərdən keçirilib.
ATMU-da Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Şarl Dönie ilə keçirilən görüşdə də tələbələrin bu ölkədə istehsalat təcrübəsi keçməsi, həmçinin beynəlxalq təhsil layihələrində birgə iştirak məsələləri müzakirə olunub.
ATMU-nun tələbələri istehsalat təcrübəsi ilə bağlı maraq göstərdiyi ölkələrdən biri də Şimali Kipr Türk Cümhuriyyətidir. Bu məsələ Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqanerlə görüşdə müzakirə edilib.